"Elə qədim dövrdən yaşlı kişilərin cavan qızlara göz qoymağı olub. Keçmişdə belə idi ki, imkanlı kişilər bir neçə kasıb, həmçinin, cavan qızı alırdılar. Bu bir başqa xarakterdə göz qoymaq idi. Lakin indi dövrdə bu məsələ kütləvi xarakter alıb ki, bu da cəmiyyətdə gedən proseslərlə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, təəssüf ki, cəmiyyətimiz artıq mənəvi dəyərlərə 30-40 il bundan əvvəlki kimi əhəmiyyət vermir: "Yaşımın çox olması mənə kişilərin 1960-1970-ci illərdə milli-mənəvi dəyərlərə daha çox üstünlük verdiyini deməyə imkan verir. Həmin dövrdə yaşlı kişilər, bir qayda olaraq, cavan qızlara öz övladları, nəvələri kimi baxırdılar".
Sosioloq sözlərinə belə davam edib: "Əvvəllər cəmiyyətdə müəyyən mənəvi nizam var idi, amma indi bu nizam pozulub, əxlaqi normalar sıxışdırılıb və arxa plana keçib. İndi daha çox maddi dəyərlər ön plandadır, hər kəs istəyir ki, özünün maddi baxımdan üstün olduğunu göstərsin. Artıq əvvəlki utanmaq hissi yoxdur, ictimai qınaq bir qədər zəifləyib.
Cəmiyyətdə xaotik dövr başlayıb. Həmin kişilər arasında da savad, təhsil yüksək deyil. Diplomları ola bilər, hətta bu adamlar elmlər doktoru da ola bilər, lakin onların əksəriyyəti qondarma diplomlardır. Yəni, mənəviyyatı yüksək insanların yetişməsinə dərindən fikir vermirik, cəmiyyətimizdə əhli-keflik yaşanır. Cavan qızların özünün davranışlarında da ciddi dəyişikliklər var. Onlarda maddiyyata, pula meyillilik var.
Bir sosioloq olaraq düşünürəm ki, bu çox xoşagəlməz vəziyyətdir və bu bizim ailəvi dəyərlərimizə ciddi zərbə vurur, həmçinin, boşanmaların sayının artmasına da gətirib çıxarır. Bununla bağlı qabaqlayıcı profilaktik tədbirlər görmək lazımdır. Təəssüf ki, bu məsələlərə də əhəmiyyət verən yoxdur. Amma bu məsələlərə diqqətsiz yanaşmanı pis sosial psixoloji nəticələri olur".
Ayşən Vəli