İqor Korotçenko: "Rusiyanın indi etməli olduğu şey, ilk növbədə, Azərbaycanın Qarabağ bölgəsindən qanunsuz erməni silahlı birləşmələrinin tezliklə çıxarılmasına siyasi töhfə verməkdir, bunu etmək son dərəcə zəruridir"
Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar başlayıb. Danışıqlar iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilir. Kremlin məlumatına görə, görüşdə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair tədbirlərə də baxılacaq. Danışıqların yekunu olaraq Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamə imzalanacaq. Rusiya və Azərbaycan münasibətlərinin statusunun artması praktikada nə demək olacaq və bu, regiondakı münasibətlərə necə təsir edəcək?
Politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bu barədə fikirlərini “Moskva-Baku” platformasına verdiyi şərhində açıqlayıb. Ekspertin şərhini oxucularımıza təqdim edirik.
- Rusiya və Azərbaycan liderləri tərəfindən qarşıdan gələn Müttəfiqlərin Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması ölkələrimiz arasında bütün münasibətlər kompleksinin əsaslı şəkildə yeni səviyyəyə qaldırılmasına səbəb olacaq. Azərbaycan Rusiyanın postsovet məkanında əsas strateji tərəfdaşlarından biridir. İlham Əliyevin simasında isə Bakının son illərdə artan nüfuzunu, xüsusən İkinci Qarabağ müharibəsində qələbə çaldıqdan, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra biz ən böyük beynəlxalq siyasətçilərdən birini görürük. Bu gün təkcə Cənubi Qafqaz regionunda deyil, onun hüdudlarından kənarda da Rusiya ilə Azərbaycan arasında münasibətlərin statusundan çox şey asılıdır. Münasibətlərimizin müttəfiqlik səviyyəsinə keçməsi digər məsələlərlə yanaşı, beynəlxalq vəziyyətə də müsbət təsir göstərəcək.
Rusiyanın ekspert icması Azərbaycan Prezidentinin Moskvaya səfərini alqışlayır. Biz onda Rusiya Federasiyası ilə əlaqələrin möhkəmləndirilməsi üçün çox işlər görən bir insan görürük.
Mən o ekspertlərdənəm ki, dəfələrlə qeyd etmişəm ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda bəlkə də yeganə etibarlı müttəfiqidir. Və son illərdə bu tezisin doğruluğu dəfələrlə təsdiqlənib. Müasir dünyada ölkələrin bir-birinə güvənməsi çox vacibdir. Dövlətlərimiz isə buna sadəcə bir misaldır. Putinlə Əliyev arasında yaxın şəxsi münasibətlər var- liderlər həqiqətən bir-birinə güvənir və bilirlər ki, onlar arasında əldə olunan razılaşmalar həmişə yerinə yetiriləcək. Müasir beynəlxalq münasibətlərdə bu çox nadir bir keyfiyyətdir.
Rusiya və Azərbaycan prezidentlərinin belə bir yoldaşlıq, bir-birinə hörmət və ən əsası tərəfdaşın etibarlılığına inam hissi çox vacibdir, xüsusilə də dünyanın əvvəllər necə xaosa girdiyini görəndə. Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsi, şübhəsiz ki, fəxr etməli, qiymətləndirilməli və qorunmalıdır. Rusiya-Azərbaycan münasibətləri iki dövlət arasında münasibətlərin demək olar ki, ideal variantıdır. Biz Azərbaycanda rus icmasına, rus dilinə münasibəti çox yüksək qiymətləndiririk, Rusiya Federasiyasına dost münasibəti yüksək qiymətləndiririk.
Münasibətlərimizin belə yüksək səviyyədə olması çoxlarının xoşuna gəlmir. Şübhəsiz ki, sənədin imzalanması qarşılıqlı fəaliyyətimizdən mənfi narahat olanların hamısına aydın cavabdır. Biz irəliləyirik, prinsipcə yeni səviyyəyə çatırıq.
Biz Azərbaycanın KTMT-də müşahidəçi statusu almasını alqışlayardıq. Biz onun Aİİ daxilində iqtisadi inteqrasiyasını alqışlayardıq. Bu cür qərarlar qəbul edib-etməmək Azərbaycanın öz seçimidir, suveren ölkənin seçimidir.
İmzalanma həm də Qərbə siqnaldırmı? Əslində, münasibətlərimizin səviyyəsinin yüksəlməsi ona görə baş vermir ki, biz kiməsə hansısa siqnallar göndərmək istəyirik, biz bunu ölkələrimiz adına, xalqlarımız adına edirik. Rusiya və Azərbaycan sırf öz ölkələrinin milli maraqlarına diqqət yetirən liderlərin rəhbərlik etdiyi özünü təmin edən ölkələrdir. Dünyada belə siyasətçilər çox azdır, hamı kimdənsə asılıdır, bu və ya digər vəziyyətə uyğunlaşmağa çalışır. Rusiya və Azərbaycan heç kimə uyğunlaşmır, çünki onlar tamamilə suverendirlər.
Sənədin imzalanması Ermənistanda necə qarşılanacaq? Biz Rusiyada Azərbaycanla müttəfiqliyi Ermənistana zərbə hesab etmirik. Ola bilsin ki, bəzi erməni şərhçilər bunu belə şərh etsinlər. Amma biz Qarabağ münaqişəsinin bitdiyini nəzərə alaraq bunu belə hesab etmirik. Qarabağın tamamilə Azərbaycanın nəzarətinə qaytarılacağı andan bizi bir neçə il ayırır. Rusiya sülhməramlıları öz missiyasını uğurla yerinə yetirəcəklər. Mən buna tam əminəm. Ermənistan üçün isə mehriban qonşuluq və əməkdaşlıqdan başqa alternativ yoxdur. Hətta Paşinyan da indi bunu anlamağa başlayıb, baxmayaraq ki, biz bəzən ondan bir addım irəli, iki addım geri çəkildiyini görürük. Onun Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları məni hədsiz dərəcədə sevindirdi. Allah hər şeyin yaxşı olmasını nəsib etsin. Ermənistan görməlidir ki, onun bəzi mifləri müasir dünyada işləmir. Vicdanlı əməkdaşlıq, ortaqlıq deyilən işləri görsünlər. Ermənistan Azərbaycandan öyrənsin ki, necə inkişaf etsin, hansı cəmiyyət modeli göstərilsin. Ən əsası isə bu gün Moskva ilə Bakı arasında mövcud olan münasibətləri əsas götürmək, öz davranış modelimizi dəyişmək. Yaxşıya doğru dəyişmək lazımdır, bu, ilk növbədə, Ermənistanın özünə lazımdır.
KTMT-də Rusiyanın müttəfiqi olan Ermənistan dəfələrlə Rusiyanın nəsə borcu olduğuna eyham vurub və ya birbaşa deyib. Amma müttəfiqlik münasibətləri o demək deyil ki, kiminsə kiməsə borcu var. Bu, ikitərəfli bir küçədir. Rusiya Ermənistana nə qədər verirsə, Ermənistan da Rusiyaya o qədər verməlidir. Amma çox vaxt biz bunu görmürük. İrəvanda müəyyən bir milli eqoizm var və biz ondan zaman-zaman ancaq bəzi mantralar eşidirik ki, Cənubi Qafqazda az qala rus İsraili olmağımıza icazə versin, və sən bizə pul və pulsuz silah verməlisən. Amma bu hiylələr işləməyəcək. Burada axmaqlar yoxdur.
Bundan başqa, Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlarda Qarabağ trasındakı vəziyyət müzakirə olunacaq. Əslində, burada hər şey müəyyən edilir. Üçtərəfli bəyanat var, Moskva razılaşmaları var, Soçi razılaşmaları var. Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəfələrlə təsdiqləyib. Qarabağ nizamlanması məsələsində indi prezidentlərin saatlarını üzbəüz tutuşdurmaq və bu və ya digər tərəfi narahat edən konsensus həllər tapmaq imkanı var. Bir daha vurğulayıram ki, Zəngəzur dəhlizi praktiki olaraq Putinin şəxsi siyasi təşəbbüsüdür. Dövlət başçısı isə dəfələrlə “dəhliz” sözünü dilə gətirib. Bu baxımdan, heç bir uyğunsuzluq ola bilməz.
Mənə elə gəlir ki, Rusiyanın indi etməli olduğu şey, ilk növbədə, Azərbaycanın Qarabağ bölgəsindən qanunsuz erməni silahlı birləşmələrinin tezliklə çıxarılmasına siyasi töhfə verməkdir, bunu etmək son dərəcə zəruridir. Rusiya sülhməramlıları çıxarılana qədər bu ərazinin necə idarə olunacağını düşünmək vacibdir. Biz görürük ki, separatçılar heç bir konstruktiv əhval-ruhiyyədə deyillər, sadəcə olaraq toqquşmalarla genişmiqyaslı təxribat həyata keçirməyə çalışırlar.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.