Alternativ Laçın yolu: şəhər və kəndlərimiz Ordumuzun nəzarətində!

22 Fevral 2022 15:09 (UTC+04:00)

Azərbaycan üçtərəfli bəyanatın nəticələrinə əsasən, hər iki istiqamətdə Laçın dəhlizi vasitəsi ilə hərəkət edən vətəndaşlara, nəqliyyat vasitələrinə və yüklərə təhlükəsizlik zəmanəti verir

Məlum olduğu kimi, Laçın şəhərindən yan keçən avtomobil yolu bu ilin yayında istifadəyə veriləcək. Artıq bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov da məlumat verib.

“Hazırda ermənilər Laçın şəhərinə daxil olaraq hərəkət edirlər. Laçından keçmədən çəkilən alternativ yoldan həm ermənilər, həm də bizim öz vətəndaşlarımız istifadə edəcəklər. Həmin yol Laçının 6 kəndini birləşdirəcək. Sözügedən alternativ 28 km olan yolun artıq 17 km-i çəkilib və bu ilin iyul ayına qədər istifadəyə veriləcək”, deyə o bildirib.

Ermənilər nə qədər nala-mıxa döyəcləsələr də...

Bu xüsusda, digər məqamlar da var ki, həmin məqamlar Laçın şəhərinin bütövlükdə Azərbaycanın nəzarətinə keçməsi reallığını sürətləndirir. Belə ki, bildiyimiz kimi, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda bildirilir ki, 3,5 ərzində Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi ilə hərəkət üçün yeni marşrut planı müəyyən ediləcək. Azərbaycan isə bu bəndə əsasən, hər iki istiqamətdə Laçın dəhlizi vasitəsi ilə hərəkət edən vətəndaşlara, nəqliyyat vasitələrinə və yüklərə təhlükəsizlik zəmanəti verir.

Onu da xatırladaq ki, bu gün Rusiya sülhməramlılarının müvəqqəti olaraq Qarabağda yerləşdikləri ərazilərimizdə qalan separatçı tör-töküntülər, eləcə də onların Ermənistandakı havadarları üçtərəfli bəyanatda vurğulanan və qəbul edilən bəndlərə tabe olmamaq üçün əsl mənasında nala-mıxa döyəcləyirlər.

Öncə Zabuxda, ardınca isə Laçın yolu üzərində sərhəd-keçid məntəqələri qurulacaq

Ancaq hər şeyə rəğmən proses davam edir və qısa müddət ərzində - artıq yuxarıda da qeyd edildiyi kimi, iyul ayında alternativ yol istifadəyə veriləcək.

Eyni zamanda, hazırda rus sülhməramlılarının nəzarətlərində olan Zabux kəndi və Laçın şəhəri də Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Beləliklə, alternatiiv yol istifadəyə veriləndən sonra Bakı tam mənada ilk olaraq Laçın yolu üzərindəki Zabuxda ardınca isə alternativ yolun girişində öz sərhəd-keçid məntəqələrini qurmaqla bu ərazilərimizi də tam nəzarətə götürəcək.

Rövşən RƏSULOV