Fabrissi Vielmini: “ABŞ və Böyük Britaniyanın bölgədə təsiri azalarsa, bu, regiona sabitlik və tərəqqi amili gətirər”
Daşkənddəki Beynəlxalq Vestminster Universitetinin professoru, Vision&Global Mərkəzinin (vision-gt.eu) analitiki Fabrissi Vielmini (İtaliya) “Caliber” analitik mərkəzinə müsahibəsində Cənubi Qafqazdakı vəziyyət, Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Cənab Vielmini, siz regionumuzla yaxşı tanışsınız, ona görə də fikrinizi öyrənmək istərdik: Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsi nəyi dəyişdi?
- O müharibənin nəticələri təbii ki, Azərbaycanın qeyd-şərtsiz qələbəsi ilə bağlıdır. Müvafiq olaraq, qələbə bütün Qafqaz miqyasında geosiyasi qüvvələr balansında ciddi dəyişikliyə səbəb oldu. Azərbaycan təxminən 30 illik erməni nəzarətindən sonra öz əraziləri üzərində suverenliyini bərpa edib. Digər tərəfdən, burada həm də Türkiyənin rolu var.
- Sizcə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması mümkündürmü?
- Bir sözlə, yaxın gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını mümkün hesab etmirəm. O zaman mümkün olacaq ki, iki ölkə arasındakı münaqişə burada öz məqsədlərini güdən başqa güclər tərəfindən istifadə edilməyəcək. Əgər İranın varlığını nəzərə alaraq və Türkiyə və Rusiyanın qarşılıqlı maraqları üst-üstə düşsə, o zaman Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının mümkün olacağına inanıram. Ancaq burada başa düşmək lazımdır ki, Türkiyə-Rusiya münasibətləri həmişə çətin olub və tarixin də göstərdiyi kimi, müxtəlif mərhələlərdə bir-biri ilə ittifaqda olmaqdansa, əsasən rəqabət aparıblar. Ona görə də iki ciddi geosiyasi oyunçunun maraqlarının nə dərəcədə üst-üstə düşəcəyini proqnozlaşdırmaq çətindir.
- Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalaya biləcəkmi?
- Bu münasibətlə birmənalı olaraq nəsə demək çətindir. Fikrimcə, bu məsələdə mühüm amil regionda Rusiya, Türkiyə və İranın maraqlarının bir-birinə qarışdığı logistika dəhlizinin açılmasıdır. Məhz bu ölkələrin əməkdaşlığından Bakı və İrəvanın Zəngəzur dəhlizinin fəaliyyətini asanlaşdıracaq bəzi sənədlərin imzalanması istiqamətində gələcək addımları asılı olacaq.
- Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və onlar arasında sərhədin açılması barədə nə düşünürsünüz?
- Vaxtilə, “futbol diplomatiyası” adlanan dövrdə, 2008-2010-cu illərdə Türkiyə Ermənistanla münasibətlərdə gərginliyi aradan qaldırmaq cəhdləri edib. Bu, Türkiyənin xoşməramlı jesti idi. Amma mən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı vaxtından əvvəl heç bir proqnoz verməzdim.
- Bəs italyanlar Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü haqqında nə bilirlər? İtaliya ictimaiyyəti arasında bu məsələyə münasibət necədir?
- İtaliyalılar Qafqaz, Qarabağ, hətta Ermənistan-Azərbaycan münaqişəsinin mürəkkəbliyi haqqında az şey bilirlər.
- Azərbaycanla Avropa İttifaqı, xüsusən də İtaliya ilə əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
- Əvvəla, aydınlaşdıraq ki, Avropa İttifaqı geosiyasi oyunçu deyil, bunu Ukrayna böhranı məsələsində bir daha göstərdi. Daha doğrusu, Aİ regionda öz üzvlərinin iqtisadi maraqlarını təşviq edən struktur kimi qəbul edilməlidir. Brüsseldə geosiyasi baxışın olmaması fonunda Azərbaycanın enerji resurslarına bütün maraq azalır və burada hər şey qarşılıqlı faydalı əsasda inkişaf edir. Hesab edirəm ki, bu əlaqələr gələcəkdə də uğurla inkişaf edəcəkdir.
Azərbaycanın İtaliya ilə də yaxşı ticarət-iqtisadi əlaqələri var. Ölkələrimiz sıx iqtisadi tərəfdaşlardır və bunun fonunda mədəni-humanitar, elm və təhsil sahələrində də əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Beləliklə, hesab edirəm ki, burada hər şey aydındır, ikitərəfli əlaqələri daha da dərinləşdirmək üçün bütün əsaslar var.
Lakin unutmaq olmaz ki, İtaliyanın xarici siyasətinin formalaşması ABŞ və Böyük Britaniyanın təsiri altındadır və bu amil Roma ilə Bakı arasında münasibətlərin sonrakı gedişatını müəyyən edə bilər.
- Bu regionlar üzrə mütəxəssis kimi Cənubi Qafqaz və Mərkəzi Asiyanın perspektivləri barədə nə deyə bilərsiniz?
- Mən bu məsələdə optimist olmağa və Amerikanın təsirini neytrallaşdırmaq şərti ilə bu regionların gələcəyi üçün müsbət ssenari cızmağa çalışacağam. Əgər ABŞ və Böyük Britaniyanın bölgədə təsiri azalarsa, bu, regiona sabitlik və tərəqqi amili gətirər. Bu iki güc Cənubi Qafqazda və Orta Asiyada lazımi qüvvələr balansının formalaşmasına mane olur və İrana qarşı təxribat törədir, həmişə Türkiyə ilə Rusiya arasında konstruktiv münasibətlərə müdaxilə elementi olur.
ABŞ-ın Əfqanıstandan çıxarılmasının onun qonşu regionları və ətrafındakı geosiyasi teatrlar üçün yaxşı xəbər olduğu danılmazdır. Məsələn, amerikalılar Ukrayna böhranını süni şəkildə yaradıblar ki, bu da Qara dəniz regionunda qeyri-sabitlik amillərindən biridir.
Gürcüstanın hələ də NATO-ya daxil olmağa ümid etməsi və “3+3” formatında iştirakdan imtina etməsi, məncə, ağılsız mövqedir.
Orta Asiyaya gəlincə, Qazaxıstanda baş verən son hadisələrin də göstərdiyi kimi, bu regionda gedən proseslər müəyyən dərəcədə gözlənilməzdir və daha çox “sürprizlər” verə bilər. Ona görə də mənə elə gəlir ki, bu geosiyasi cəhətdən mürəkkəb regionda sabitliyi qorumaq üçün Rusiyanın iştirakı da daxil olmaqla kollektiv səylər lazımdır.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.