Dil birbaşa xalqın genetik qan yaddaşıdır - SƏDR MÜAVİNİ ŞƏRH ETDİ

21 Fevral 2022 16:56 (UTC+04:00)

“Birinci növbədə bütün Dünya Azərbaycanlılarını, eyni zamanda bütün dünya xalqlarını Beynəlxalq Ana Dili günü münasibətilə təbrik edirəm. Bu gün hər bir xalq Ana dilinin inkişaf etdirilməsi istiqamətində hesabat verir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminalogiya Komitəsinin sədr müavini Sayalı Sadıqova bildirib.

Onun sözlərinə görə, Azərbaycan dili də qədim və zəngin dillərdən biridir: “Bu dildə bizim qədim mədəniyyətimiz, zəngin irsimiz öz əksini tapıb. Dil birbaşa xalqın genetik qan yaddaşıdır. Xalqın əldə etdiyi bütün nailiyyətlər dil vasitəsilə nəsildən-nəsilə ötürülür. Bu baxımdan Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində çox mühüm işlər aparılır. Yəni Ana dilinin qorunması dövlətçiliyin əsaslarından birini təşkil edir. Bu baxımdan Azərbaycan dilinin dövlət səviyyəsində qorunması üçün bir çox fərman və sərəncamlar imzalanmışdır. Xüsusilə qeyd etmək istəyirəm ki, 2013-cü ildə qloballaşma şəraitində zamanın tələblərinə uyğun olaraq Azərbaycan dilinin və dilçiliyin inkişafı haqqında səəncam verilmişdir. Bu sərəncamdan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminalogiya Komitəsi yaradılıb. Terminalogiya Komitəsinin Ana dilinin qorunması istiqamətində çox böyük vəzifəsi var.

Bildiyimiz kimi qloballaşma şəraitində elmin, texnikanın müxtəlif sahələri inkişaf edir. Dilimizdə, eləcə də dünya dillərində yeni anlayışlar, yeni məhfumlar yaradılıb. İnkişaf etmiş hər bir dil bu yeniliyi qəbul etməlidir. Bu gün dünyanı lərzəyə salan Covid-19 pandemiyasının geniş yayılması, həmin pandemiya ilə bağlı yeni anlayışlar terminlərin yaranmasına səbəb olur. Bunların dilə daxil olması, dildə işlədilməsi qarşıya çox mühüm vəzifələr qoyur. Bu gün Azərbaycan dili, eləcə də komputer texnikaları və informasiyanın inkişafı internetlə bağlı bir çox terminlərin yaranmasına səbəb olur. Məsələn, buster doza yeni yaranmış bir termindir. Bunun Azərbaycan dilində necə verilməsi, eləcə də bu cür sözlərin qarşılığının müəyyənləşdirilməsi mühüm vəzifələrədn biridir. Buna görə də dilə daxil olan terminlərin sistemləşdirilməsi, Azərbaycan dilində qarşılığının tapılması ilə bağlı Terminalogiya Komitəsində mühüm işlər aparılır. Eyni zamanda müxtəlif istiqamətlərdə terminaloji lüğətlər də hazırlanıb.

Bu gün dilin lüğət tərkibinin zənginləşməsində birinci növbədə termin, texnikanın inkişafı əsas amildir. Əgər dil yeni yaranan anlayışları məsimsəmirsə o dil işləklikdən qalır. Qlobal çevik bir dil kimi Azərbaycan dilinin inkişafını təmin etmək üçün birinci növbədə lüğət tərkibinin zənginləşməsində Terminalogiya Komitəsinin apardığı işlər çox mühümdir”.