Teatr-incəsənətin bir növü olub, hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina isə teatr adlanır.
Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir.

"Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir.

Romantika dövründə teatr səhnələrində əsasən lirik pyeslər tamaşaya qoyulurdu və vacib insan hisslərinin ifadə olunmasına yer verilirdi.
.jpg)
XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu.
Deməli teatr bir xalqın mədəniyyətinin inkişafında mühim rola sahibdir. Bəs Azərbaycanda insanların teatra marağı hansı səviyyədədir? SİA olaraq bu məsələni araşdırmaq üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına üz tutduq. “Ölülər” əsərinin səhnələşdirilməsi isə deyəsən vətəndaşlarımızın olduqca diqqətini çəkmişdir. Əslində teatra üz tutarkən zalın dolu olacağını düşünmürdük. Lakin pandemiya qaydaları nəzərə alınmaqla zal dolu idi. Eyni zamanda zalın yarısının gənc cütlüklərlə dolu olması da bizdə xoş təəssürat yaratdı.

Bu, gənclərimizin kinoteatrlardan çıxıb artıq teatra, əsl incəsənətə meyllənmələrinin göstəricisi idi. Eyni zamanda tamaşadan sonra orada tamaşanı izləyənlərin fikirlərini öyrənmək üçün yaxınlaşdıqda daha gözəl bir təşəbbüslə də rastlaşdıq. Paytaxtımızda yerləşən məktəblərdən biri daimi olaraq məktəbdə keçirilən yarışların qaliblərinə teatr üçün bilet hədiyyə edirmişlər.

Şəhər sakini Elnarə Əsədova:
“Bizim məktəbdə gənclər günü ilə əlaqədar məktəb rəhbərliyinin təşəbbüsü ilə şagirdlər arasında yarış keçirildi. Qaliblərə isə hədiyyə olaraq tamaşaya biletlər təqdim olundu. Hazırda həm məktəb rəhbərliyi, həm müəllim kollektivimizin bir hissəsi, həm də şagirdlərimizlə birgə tamaşanı izləməyə gəlmişik”.

Şəhər sakini Firəngiz Xəlilova:
“Teatra hər zaman gəlirəm. Lakin daha çox İlyas Əfəndiyevin əsərlərini izləməyə üstünlük verirəm. Burada vaxt keçirmək mənə böyük bir zövq verir. Günün bütün yorğunluğunu bu zalda qoyub çıxıram”.

Şəhər sakini Məhbubə Kazımova:
“Daha çox Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına üz tuturam. Səbəbi isə burada səhnələşdirilən əsərləri çox bəyənirəm. Mərahim Fərzəlibəylinin rejissorluğunu etdiyi əsərləri izləmək isə daha zövqlü olur. Eyni zamanda yeni quruluşda olan əsərləri maraqla izləyirəm”.

Şəhər sakini Şəmsiyyə Quliyeva:
“Şəhər mərkəzindən uzaqda yaşadığım üçün teatra gəlmək bəzən çətin olur. Lakin hər bir halda fürsət tapan kimi bura üz tuturam. Çünki mənim üçün dincəlməyin ən yaxşı yolu budur. Burda bizim gənclik illərimizin abu-havası var. Fikrimcə buranın aktyor ansamblı, rejissor heyəti çox güclüdür. Buna görə də daha çox bu teatra üz tuturam. Azərbaycan teatrının qaymaqları burdadır”.

Şəhər sakini Seymur Əliyev:
“Teatrlara əvvəl daha tez-tez gəlirdim. Daha sonra bir müddət fasilə verdim. İndi isə yenidən teatr mənim sevimli məkanıma çevrilib. Bu tamaşa isə pandemiyadan sonra gəldiyim ilk tamaşadır. Hazırda məktəb kollektivimizlə birgə gəlmişəm. Lakin tamaşanı izləyənlər içərisində ailəm də var”.

Şəhər sakini Nəzrin Mirzəyeva:
“Teatra ilk dəfədir gəlirəm. Məktəb kollektivi ilə birgə gəlmişəm. Lakin tamaşanı çox bəyəndim. Buradakı abu-hava mənə çox zövq verdi. Əminəm ki, bundan sonra daimi olaraq teatrlara üz tutacam”.

Şəhər sakini Vüsalə Abdullayeva:
“Bizim məktəbdə tez-tez intellektual yarışlar keçirilir. Qaliblərə isə tamaşaları izləmək üçün biletlər verilir. Məncə, bu çox gözəl bir haldır. Çünki həm şagirdlərimiz maariflənir, həm də teatra artıq məktəb yaşlarından bəri sevgi bəsləməyə başlayırlar. Bu isə onların bir vətəndaş kimi düzgün formalaşmasına təkan verən böyük bir amildir”.