BBU ilə AMEA İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb FOTO

17 Fevral 2022 23:19 (UTC+04:00)

Bakı Biznes Universitetinin tələbə və magistrləri İqtisadiyyat İnstitutunda təcrübə-təlim kursu keçəcəklər

Fevralın 17-də Bakı Biznes Universiteti ilə AMEA İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. AMEA İqtisadiyyat İnstitutunda keçirilən tədbirdə sənədi Universitetin rektoru, i.e.d., professor İbad Abbasov və AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli imzalayıblar.

Müqaviləyə əsasən Bakı Biznes Universitetinin tələbə və magistrləri İqtisadiyyat İnstitutunda təcrübə-təlim kursu keçəcəklər.

Professor Nazim Müzəffərli bildirib ki, 1 ay müddətində keçiriləcək ilk təcrübə-təlimdə Bakı Biznes Universitetinin magistrantları iştirak edəcək. Onlar üçün beynəlxalq təcrübədə qəbul olunan tədqiqat metodlarından istifadə üzrə təlimlər və praktiki təcrübələr təşkil ediləcək. Təcrübə-təlimlərin sonunda onlara aldıqları bilik və bacarıqlara görə AMEA İqtisadiyyat İnstitutunun sertifikatı təqdim olunacaq.

Müqaviləyə əsasən təcrübə-təlim kursları ödənişlidir. Bu müqavilə, universitetlə AMEA İnstitutu arasında tələbə və magistrantlara tədqiqat metodları təcrübəsinə yiyələnmək üçün təşkil olunan təcrübə-təlim olaraq Azərbaycanda ilk təcrübədir. Təcrübə-təlimləri İqtisadiyyat İnstitutunun alim və tədqiqatçıları keçəcəklər. Tədbir Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Ali (orta ixtisas) təhsil müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında əsasnamə”yə uyğun olaraq təşkil olunur. Universitetin tələbə və magistrantları təcrübə-təlim keçməklə yanaşı İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə də tanış olmaq imkanı qazanacaqlar.

Universitetin rektoru i.e.d., professor İbad Abbasov universitetin fəaliyyəti, təlim-tədris prosesindəki əsas yeniliklər, universitetdə Avropa standartlarına uyğun təhsilin təşkili, nüfuzlu Avropa univeristetləri ilə sıx əməkdaşlıq əlaqələri və onlarla birgə həyata keçirilən beynəlxalq layihələr barədə ətraflı məlumat verib. Rektor Bakı Biznes Universiteti ilə İqtisadiyyat İnstitutu arasında imzalanan əməkdaşlıq müqaviləsini təhsil və elm ocağının əməkdaşlığı baxımından yüksək qiymətləndirib, təhsildə keyfiyyət təminatı üzrə müvafiq müsbət nəticələrin və elmi-tədqiqat işinin müasir standartlara uyğun qurulmasında faydalı olacağına əminliyini vurğulayıb.

Sonra prof. Nazim Müzəffərli Universitetin magistrantlarına “Ölkələrarası iqtisadi müqayisələr niyə və necə aparılır?” mövzusunda ilk təlimi keçib.