Son zamanlar maşın sürən qadınların sayı çoxalıb. Araşdırmalara görə də, qadın sürücülər kişi sürücülərdən daha yaxşı avtomobil sürə bilir. Çox nadir hallarda qəzalara səbəb olan insanların qadınlar olduğunu eşidirik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən çəlumata görə, 2021-ci il ərzində qadın sürücülər tərəfindən törədilən ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bəs şəhər sakinləri qadınların avtomobil sürməsinə necə baxırlar?
SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib:
Şəhər sakini İsmayıl Tağıyev: “Qadınların avtomobil sürməsinə çox yaxşı baxıram. Əlbəttə ki, kişilər kimi qadınların da avtomobil sürmək haqqı var. Bu çox normaldır. Qəza məsələsinə gəldikdə isə düşünürəm ki, kişilər qadından daha çox qəza törədirlər”.
Şəhər sakini Şəlalə Məmmədova: “Qadınların maşın sürməsi çox təbii bir haldır. Çünki artıq müasir dövrdür və qadının maşına daha çox ehtiyacı var. Çünki qadın uşağı məktəbə aparıb, gətirir. Maşın ilə bu daha rahatdır”.
Şəhər sakini Xəyal Mehdiyev: “Düşünürəm ki, avtomobil sürmək məsələsində cinsi fərq olmamalıdır. Çünki kişilərin avtomobil sürə bilirsə, qadınlar da sürməlidir. Həmçinin qadınlar yol hərəkəti qaydalarına daha ciddi yanaşır və riayət edir. Məncə, kişilər daha çox qəza törədir, nəinki qadınlar”.
Şəhər sakini Aydan Məmmədova: “Əlbəttə ki, qadınlar maşın sürməlidir. Çünki onlar çox əziyyət çəkirlər. Uşağı məktəbə və yaxud da baxçaya aparırlar. Kişilərdən daha çox qadınların avtomobil sürməyə ehtiyacı var. Düşünürəm ki, qadınlar daha məsuliyyətli olurlar və qaydalara daha diqqətlə yanaşırlar”.
Şəhər sakini Vaqif Ağazadə: “Hazırda bütün dünya inkişaf edir. İstər-istəməz get-gedə daha da inkişaf edir və müasirləşirik. Düşünürəm ki, qadınların avtomobil sürməsi artıq normal hal alıb. Həmçinin bu gün Azərbaycan qadınları hərtərəfli olmalıdır. Müasir dövrün tələblərinə cavab verməlidir”.
Şəhər sakini Təhminə Səfərova: “Qadınların maşın sürməsinə yaxşı baxmıram. Çünki qadınların bir çoxlarına sürücülük vəsiqəsi demək olar ki, hədiyyə olunur. Buna görə də onlar yol hərəkəti qanunlarından bixəbər olur”.
Şəhər sakini Valeh Əhmədov: “Qadınların avtomobil sürməsinə yaxşı baxmıram. Doğrusu yaraşdırmıram. Çünki onlar zərif və zəif məxluqlardır. Onlar tıxacda özlərini idarə edə bilməzlər. Maşın sürmək diqqət tələb edir. Düşünürəm ki, qadınlar bunu bacara bilmirlər”.
Arzu Qurbanzadə