Güləş üzrə millimiz Bakıda yarışlara hazırlanır

17 Fevral 2022 18:20 (UTC+04:00)

Yunan-Roma güləşi üzrə millimiz Bakıda təlim-məşq toplanışı keçib. SİA xəbər verir ki, fevralın 10-da start götürən hazırlıq prosesi ayın 23-dək davam edəcək. Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında gündə 2 məşq keçir. Hazırlıq prosesi əsasən taktiki-texniki çalışmalardan ibarətdir. Olimpiya Güləş Mərkəzində təşkil olunan TMT qarşıdan gələn məsul yarışlara hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, millimizin 2022-ci ildə ilk sınağı reytinq turniri olacaq. Belə ki, komandamız fevralın 24-27-si aralığında Türkiyənin İstanbul şəhərində keçiriləcək Vehbi Əmrə turnirində mübarizə aparacaq. Yığmamız üçün əsas yarışlar isə marta təsadüf edəcək.

Gələn ayın əvvəllərində (7-13 mart) Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcəksə, ayın sonunda (28 mart - 3 aprel) Macarıstanın paytaxtı Budapeştdə böyüklərin analoji yarışına start veriləcək.