"İndiyə qədər yaradılan Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də məhz həyata keçirilən bu iqtisadi siyasətə xidmət edib. Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası sənaye parkı isə azad edilmiş ərazilərdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynamaqla, Azərbaycan iqtisadiyyatına böyük töhfələr verəcək. Dövlət başçısı tərəfindən Ağdam Sənaye Parkında təməli qoyulan iki müəssisə də bu baxımdan xüsusi qeyd olunmalıdır. Ağdam Sənaye Parkının rezidenti “Smartpoint” MMC burada reallaşdıracağı layihə çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəkləri və digər qurğular, “Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal edəcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərin böyük turizm potensialı var: "Prezident tərəfindən Ağdam şəhərində “Park Forest Otel Ağdam” mehmanxanasının təməlinin qoyulub. Son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar Müzəffər Ali Baş Komandanın qətiyyəti və Ordumuzun rəşadəti sayəsində artıq düşmən tapdağından azad edilib. Qarabağın işğaldan azad olunmasından qısa müddət ötməsinə baxmayaraq, bu tarixi torpaqlarımızın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu prosesdə diqqət yetirilən əsas sahələrdən biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir".
Deputat sözlərinə belə davam edib: "Strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir".
Ayşən Vəli