Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi fevralın 9-dan 13-dək 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün İran İslam Respublikasında səfərdə olub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatr kollektivlərinin hər il qatıldığı ənənəvi tədbirlərdə dəfələrlə Azərbaycanı layiqincə təmsil edən Akademik Musiqili Teatrın yaradıcı heyəti bu dəfə iki tamaşa ilə səhnəyə çıxıb.
Fevralın 11-də “Tehran Şəhər” teatr salonunda teatrın quruluşçu rejissoru Samir Qulamovun pyesi əsasında və quruluşunda hazırlanan “Bir nəfəs qədər” tamaşası nümayiş olunub.
Nüfuzlu beynəlxalq tədbirin tamaşaçıları tərəfindən rəğbətlə qarşılanan tamaşadan öncə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə qonaqları salamlayıb, səhnə əsəri barədə onlara dolğun məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şərəfli qələbədən, şəhidlərimizin şücaətindən, müqəddəs şəhid analarının dastanlara sığmayan qəhrəmanlığından danışıb. Qeyd olunub ki, Azərbaycanın sənət adamlarının İrana qastrol səfərinə gəlməsi və beynəlxalq “Fəcr” Teatr Festivalında çıxış etməsi xalqlarımızın mədəni əlaqələrinə verilən böyük töhfədir. Səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı erməni işğalından azad etməsinin Azərbaycan xalqı ilə yanaşı İran xalqını da sevindirdiyini bildirib. Azərbaycan xalqının torpaqların azadlığı uğrunda minlərlə şəhid verdiyini bildirən diplomat, tamaşanın Azərbaycanın 44 günlük Vətən müharibəsinə və qəhrəman şəhidlərimizə ithaf olunduğunu vurğulayıb və onlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Diplomat səhnə əsərinin İranda ,"Fəcr" ongünlüyündə, İranın milli bayramında nümayiş etdirilməsinin də əlamətdar olduğunu qeyd edib və bu münasibətlə İran dövlətini və xalqını təbrik edib.
Musiqili Teatrının yaradıcı heyətinin üzvlərini: Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Nəzrin İsmayılzadə, Samir Qulamov, Səmədzadə Xasiyev, Əli Kərimov və digər iştirakçılar sürəkli alqışlarla qarşılayan tamaşaçılar onlarla xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar.
Festival çərçivəsində fevralın 12-də Akademik Musiqili Teatrın digər səhnə əsəri - dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin "Utancaq qız" fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşa da təqdim olunub.
Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynovun özünəməxsus ifası istər münsiflər heyətinin üzvləri, istərsə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, hər iki tamaşanın ideya müəllifi və bədii rəhbəri, Dövlət Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.