“Biz indi görürük ki, Azərbaycan neft ölkəsidir. Yurdumuza qaz ölkəsi də deyirlər. Bu ifadələrin mahiyyəti yavaş-yavaş arxa plana keçir. Çünki Azərbaycan elektrik enerjisinin istehsalında artıq həm istehsalçı, həm ixracatçı, həm də tranzitor kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bizim sənaye kompleksimizin inkişafı getdikcə artır və bu artımı ödəmək lazımdır: “Buna görə də cənab Prezident harada olursa-olsun, Qarabağ bölgəsinin özündə də elektrik enerjisinin istehsalına böyük diqqət yetirir. Çünki o olmasa həqiqətən də infrastruktur layihələri gerçəkləşə bilməz”.
Tofiq Abbasov sözlərinə belə davam edib: “Biz ümumiyyətlə bir şeyə artıq aludə olmuşuq ki, Prezidentin təşəbbüskarlığı nəticəsində gördüyümüz layihələr hamısı tək bugünün tələbatını ödəmir, həm də gələcəyin çağırışlarına uyğundur. Zamanında nəqliyyat kommunikasiya vasitələrinin yenidən qurulmasına, inşasına xeyli sayda vəsait xərclədik və bəzi hallarda insanlar sual eləyirlər ki, “bu nəyə lazımdır? Kimə lazımdır?”. Ancaq indi görürük ki, beynəlxalq daşımaların hamısının həcmi artdıqca Azərbaycan bu prosesdə qazanc əldə edən bir tərəf kimi çıxış edir.
İndi İranın özündə yəni, Azərbaycanın cənub qonşusunda artıq Astara Rəşd dəmiryolunun tikilməsinə başlayırlar. Biz çalışırıq ki, beynəlxalq daşımalarda bəndimizdə olan sahə həmişə yaşıl işıq rejimində fəaliyyətini davam etdirsin. Bu bizə həm qazanc verir, həm də ki, bizi beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qələmə verir.
Odur ki, indi daxildə də elektrik enerjisinin həqiqətən də həcmi bu yaxınlarda xeyli artacaq və bu həm bizim öz tələbatımıza uyğundur, həm də qonşu dövlətlərin gözləntilərinə cavab verə biləcək bir artımdır. Çünki elektrik enerjisinin də ixracı ölkəmizin büdcəsinə xeyli sayda vəsait gətirəcək. İlk növbədə əlbəttə ki, özümüzün daxili problemlərimizdir və özümüzün daxili tələbatımızdır ki, indi dördüncü sənaye inqilabının tələblərini də nəzərə alaraq yeni texnoloji gedişlərdən istifadə edirik. Onlar da kifayət qədər enerji tutumlu lahiyələrdir”.
Ayşən Vəli