Ermənistan dövlət, bəşəriyyət səviyyəsində cinayət törədib - DEPUTAT FAKTLARDAN DANIŞDI

15 Fevral 2022 17:20 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyevin Xocalıda törədilən soyqırımın 30-cu ildönümü ilə bağlı imzaladığı sərəncam böyük tarixi əhəmiyyət daşıyır. Hər şeydən əvvəl ona görə ki, Ermənistanın dövlət səviyyəsində Xocalıda törətdiyi soyqırım bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, bu sərəncamın işığında ölkəmizin media qurumlarının, qeyri-hökumət təşkilatlarının, elm adamlarının qarşısında çox vacib məsələlər dayanır. Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi Xocalı haqqında həqiqətlərin dünyada daha geniş yayılmasına kömək edəcək. Bu günə qədər Xocalı həqiqətləri Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər nəticəsində, xüsusən “Xocalıya Ədalət" kampaniyası ilə dünyada tanıdılıb. Dünyanın bir neçə ölkəsində Xocalıda törədilənlər soyqırım kimi qəbul edilib. Təbii ki, Ermənistanın törətdiyi Xocalı soyqırımı tək deyil. Buna qədər də Qaradağlı, Malıbəyli, Quşçular kimi ərazilərdə də soyqırımlar törədilib. Hətta Xocalı soyqırımından sonra belə qanlı hadisələr törədilib. Ermənistan Xocalıda soyqırım törətməklə dövlət, bəşəriyyət səviyyəsində cinayət törədib”.