“Yuxu hər bir insanın təməl ehtiyaclarından biridir və bu proses üçün insan yetəri qədər vaxt ayırır. İnsan həyatının təqribən 3/1-ni yuxuda keçirir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, psixoloq Əli Xəlilov bildirib.
Onun sözlərin görə, bəzi insanlar hər zaman, bəziləri çox az, bəziləri isə heç vaxt yuxu görmədiklərini qeyd edirlər: “Lakin aparılan tədqiqatlar və müşahidələr göstərir ki, hər bir şəxs yuxu görür sadəcə olaraq yadda saxlamır. Bəs biz nə zaman yuxu görürük? Qeyd edim ki, 2 növ yuxu var. Onlardan biri cəld yuxu, digəri isə ləng yuxudur. Adətən, yuxular cəld yuxu fazasında görülür.
Yuxular bədənimizin, beynimizin bizə şüuraltı ötürdüyü siqnallardır. Fantaziya aləmi zəngin olan insanlar daha sıx yuxular görürlər. Çox vaxt insanlar yuxuda uçurumdan düşürlər, hansısa bir boşluğa düşürlər. Bu, onu göstərir ki, həmin insanlar real həyatda özünü rahat hiss etmirlər. Bəzən özünü əlacsız hiss etdiyinə görə tez-tez bu cür yuxular görürlər. Yaxud da tez-tez yuxuda qaçdıqlarını görürlər. Real həyatda problemlərimizi görməzdən gəlmək bizim üçün ən asan yoldur. Amma şüuraltımız siqnallar ötürür ki, problemlərdən qaçmaq çıxış yolu deyil. Onun üstünə düşüb həll etmək lazımdır. Bəzən insanlar yuxuda uçduğunu görürlər. Bu, əslində beynimizin bizə ötürdüyü müsbət siqnaldır. Çox vaxt yuxuda imtahan verdiklərini görürlər. Bu, onu göstərir ki, hal-hazırda insan öz fikirlərindən, bacarığından, olduğu yerdən şübhə duyur. Gələcək və keçmiş haqqında da çox yuxular görülür. Bunlar da insanın tez-tez düşündüyü problemlərdən qaynaqlanır. Çox vaxt kabuslar görürlər ki, bu da gündəlik yaşadıqları streslərdən qaynaqlanır.
Bəs yuxular bizə necə təsir edir? Əlbəttə ki, gözəl yuxular insanı xoş aura verir və bu yuxular tez bir zamanda unudulur. Amma neqativ yuxular insanı daha çox narahat edir, gec unudulur. Həmişə fikirləşirlər ki, görəsən, bu yuxunun mənası nədir? Sonra bu yuxunu araşdırmağa başlayırlar.
Burada bir şəxsində adını çəkmək istəyərdim ki, bu, Ziqmund Freyddir. Məhz o yuxuları öz psixoterapevtik işində istifadə etməyə başlayıb və o vurğulayırdı ki, heç kəsin psixikası yüksək gərginliklərə dözmür. O, çalışırdı ki, bu problemləri həmin şəxsdən müxtəlif üsullarla, yəni şüuraltı yolla, qorxulu və ya fantastik yuxular görməklə aradan qaldırsın. Bunun üçün ən ideal variant elə yuxulardır. Məsələn, bir xanım dieta saxlayır və hansı qidaları qəbul edib-etməməli olduğunu bilir. Amma qəbul etməməli olduğu bir qidanı yemək istəyir. Bu istəyini yuxuda görərək azaldırlar. Fantaziya formasına ötürülən yuxular, çox vaxt hansısa travmatik hadisələr olandan sonra görülür və çalışılır o yol ilə azalsın ki, insana təsiri də çox olmasın. Mənfi və yaxşı yuxuları hər kəs görə bilər. Bəzən insanlar mənfi yuxuların təsiri altında qalırlar. Yuxularını internetdə araşdırırlar və elmi yanaşmalar olmayada ən pis nəticəni yadda saxlayırlar. Onun təsiri ilə qalıb, uzun müddət özlərini nələrdənsə təcrid edirlər. Mənfi yuxuların gerçəkləşəcəyindən qorxduqları üçün günlərlə, aylarla özlərini evə bağlayırlar. Belə yuxular insanın həyat tərzinə və əlbəttə ki, psixikasına da çox böyük təsir göstərir.
Qeyd etdiyim kimi, yuxular həyatımızda baş verən istər neqativ, istərsə də müsbət hadisələrə reaksiyadır. Beynimiz bu yolla bizə siqnallar ötürməyə çalışırlar. Bunlardan əlavə yuxusuzluq da insan psixologiyası üçün zərərlidir. Yuxu rejimi psixologiyamızın əsas hissəsidir. Aparılan tədqiqatlar nəticəsində aydın olur ki, bir insan günlərlə yuxusuz qaldıqda həm psixoloji, həm də fizioloji cəhətdən çox böyük problemlərlə qarşılaşır".