Sevgililər Günü xüsusi bir təntənə ilə qeyd olunur. Bəs, bu gün ilk dəfə necə qeyd olundu, Sevgililər Günü necə yarandı?
Sevgililər Gününün tarixi 3-cü əsrdə Müqəddəs Valentinin gizli toylarına əsaslanır. III əsrdə Roma imperatoru II Klavdi ordusunu gücləndirmək üçün gənclərə evlənməyi qadağan edir. Şayiələrə görə, bu qadağaya qarşı çıxan Müqəddəs Valentin gizli nikahlar təşkil edərək gəncləri evləndirməyə davam edir.
Xəyanətin əvəzini həyatı ilə ödəyən Müqəddəs Valentin M.S. 270-ci il fevralın 14-də edam edilir. Bu səbəbdən də hər il fevralın 14-də Sevgililər Günü qeyd olunur.
Sevgililər Günü bir çox ölkədə hər il fevralın 14-də qeyd olunan xüsusi gündür. Mənşəyi Roma Katolik Kilsəsinin inancına söykənən bu gün Valentin adlı bir din xadiminin adına elan edilən bayram günü olaraq ortaya çıxdı. Bu səbəbdən bəzi cəmiyyətlərdə “Müqəddəs Valentin Günü” kimi tanınır. Valentin sözü Qərb sivilizasiyalarında sevilən və ya sevgili mənasında da istifadə olunur.
Fevral ayının sevgi ilə əlaqəsi Antik dövrə gedib çıxır. Qədim yunan təqvimlərində yanvardan fevralın ortalarına qədər olan vaxt Gamelion ayı adlanırdı və bu dövr Zevs və Heranın müqəddəs evliliyinə həsr olunurdu.
Qədim Romada 15 fevral məhsuldarlıq tanrısı Luperkusun şərəfinə Luperkaliya günü kimi qeyd olunurdu. Bu gün Luperk kahinləri Allaha keçi qurban verirdilər. Sonra başlarına Luperki simvolizə edən bir parça keçi dərisi qoyur və Roma küçələrində qaçaraq rastlaşdıqları hər kəsə toxunurdular.
Gənc qızlar könüllü olaraq irəli atılır və məhsuldarlıq tanrısının toxunuşundan öz paylarını almağa çalışırdılar. İnanca görə, bu toxunuşla onların məhsuldarlığı asanlaşacaq.
Fevralın 14-də, Lupercalia festivalı ərəfəsində gənclər festival zamanı gənc qızların adları ilə püşk ataraq “cütlük” yaratmağı vərdiş etmişdilər. 469-cu ildə Papa bu qeyri-xristian bayramını qadağan edərək, yalnız püşkatmanın keçirilməsinə icazə verdi. Ancaq rəsmlərdə qızların deyil, müqəddəslərin adları yazılmışdır.
1908-ci il Katolik Ensiklopediyasında keçmiş şəhidlər siyahısında 14 fevralda qeydə alınmış inanclarına görə öldürülən üç Müqəddəs Valentin var. Romantik sevgi ilə Valentin arasındakı əlaqə tarixi sənədlərdə heç vaxt qeyd olunmur və bəzi tarixçilərə görə bu sadəcə bir əfsanədir.
Valentinin şərəfinə qeyd etmə günü 496-cı il fevralın 14-də Papa Gelasius tərəfindən elan edilmişdir. 1969-cu ildə o, Müqəddəs Valentin Gününü kilsə təqvimindən çıxarıb.
Romantik sevgi ilə Valentin arasındakı əlaqə ilk dəfə 14-cü əsr mənbələrində görünür. Foules Parlementinin 1381-ci il kitabına görə, Fransa və İngiltərədə 14 fevral ənənəvi olaraq quşların cütləşmə günü kimi tanınırdı. Günün bu xüsusiyyətinə görə sevgililər bir-birlərinə gözəl sözlərlə notlar verir, bu qeydlərdə bir-birlərinə Valentin kimi müraciət edirdilər.
Romantik sevgi ilə xristian olduğu üçün öldürülən dindar Valentin arasındakı əlaqə haqqında əfsanələrin 14-cü əsrdə ortaya çıxdığı düşünülür. Bu əfsanələrdə əsas olanlar belədir: Öldürülməzdən bir gün əvvəl Valentin mühafizəçinin bacısına “Sevgililərindən” imzası olan sevgi notu vermişdi. Evlilik qadağan olunduğu zaman o, Roma əsgərlərinə gizli şəkildə evlənməkdə kömək etmişdi.
Ümumiyyətlə, sevginin günü olmur. Bir-birini dərin hislərlə sevən insana hər gün Sevgililər Günüdür. Şərt deyil ki, bu günü bahalı və luks hədiyyələrlə başa vurasan. Kiçik, anlamlı hədiyyələr, və yaxud xoş sözlər belə ürək almağa kifayət edir. Lakin həmin gün insan daha çox diqqətə və sevgiyə ehtiyac duyur. Bəs, Azərbaycanda Sevgililər günü nə zamandır? 14 Fevral, yoxsa 30 İyun?
Bildiyimiz kimi, 30 iyun sevgi mücəssəməsi olan İlham və Fərizənin adı ilə, daha doğrusu toy günü ilə bağlıdır. Onların sevgilləri dillərə dastandır. Lakin bəzi insanlar Sevgililər Gününün nə vaxt olması ilə bağlı çaşqınlıq yaşayırlar. SİA olaraq bu məsələləri araşdırmaq üçün araşdırma apararaq ekspert, psixoloq və din xadimlərinin fikilərini öyrəndik.
Yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “20-ci əsrdən etibarən bütün dünya birləşməyə can atırdı. Bəşəriyyət çalışırdı ki, bütün problemlərə rəğmən bir-biri ilə təmasda olsun. Elə əksər xalqları da biri-birindən fərqləndirən amil bayramlardır. Bu bayramlardan biri də Sevgililər Günüdür. Bu bayramın tarixi elə də böyük deyil.
Azərbaycanda milli Sevgililər Günü kimi 30 iyun qeyd edilmısi ilə bağlı təkliflər oldu. Amma gəlin razılaşaq ki, bu təklifin özü də bitərəfdir. Lakin bu günü də Sevgililər Günü kimi qeyd etmək olar.
14 fevralla bağlı absurd fikirləri qətiyyən qəbul etmirəm. O zaman gəlin, 8 Martı da qeyd etməyək.
Bəşəriyyətin düşünən beyinləri, intellektualları bu ayrımları aradan qaldırmaq üçün müxtəlif beynəlxalq günlər, beynəlxalq tədbirlər, bayramlar düşünməyə başladılar. Həmin bayramlardan biri də 14 fevral ”Sevgililər günü"dür. Bildiyiniz kimi bu bayramın tarixi elə də böyük deyil və əksəriyyət bunu daha çox xristian, xaçpərəst dünyası ilə bağlamağa çalışırlar. Lakin bu belə deyil və çox absurd ideyadır. Ola bilsin ki, əsli oradan gəlir, lakin məsələni bütövlükdə xristianlıqla bağlamaq doğru deyil. Məsələn, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərində ərəb məhəbbətindən söz açılır, amma əsər bütövlükdə Şərq, Azərbaycan insanın duyğuları, məhəbbəti, ülvi hissləri, insanla Tanrı arasındakı münasibətə həsr olunub”.
Din xadimi Mircəfər Əyyubov: “İslam dinində Sevgililər Günü, Novruz Bayramı və şənliklərə mənfi münasibət yoxdur. Problem bu günlərdə deyil. İslamda sevgililərə mənfi baxış yoxdur. İslam dini insanların xoşbəxtliyini istəyir.
Ümumiyyətlə, İslamın ideyası odur ki, başqa əqidələr sizi bədbəxt edir, mən isə qoymuram. Problem bu günlərin adı altında nələrinsə təbliğ olunma ehtimalıdır. Əgər həqiqətən bu günün kökü hər hansı bir əxlaqi problem üzərində qurulubsa, heç kim razı olmaz ki, sevgi kimi müqəddəs mövzuya aid gün hansısa cəmiyyət tərəfindən anormal qarşılanan gündə qeyd olunsun. Yox, əgər bu gündə pis şey yoxdursa, qeyd eləməyin heç bir problemi yoxdur”.
Psixoloq Fidan Namazova: “Bu gün bütün dünyada “Müqəddəs Valentin” günü kimi qeyd olunur. Yəni, Sevgililər Günü kimi qeyd edilir. Bizim ölkədə və digər ölkələrdə qeyd edilib edilməməsi məsələsinə gəldikdə isə, əslində bu gün təqvimdə bayram günü kimi yoxdur. Bu günü qeyd etmək hər kəsin öz şəxsi istəyinə bağlıdır. Çünkü sevgini ifadə etmək üçün 365 günümüz var. Amma bir bəhanə edərək sevgilisini sevindirmək istəyənlər də az deyil. Bu günü yaşamaq istəyənlər niyə də qeyd etməsin?!”.
SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.
Şəhər sakini Aytac Ali: “Sevginin günü, zamanı yoxdur məncə. Sevənlər bir gün yox hər zaman sevir. Sevgi dəyərini bilən üçün çox dərin bir anlayışdır. Birinci özünüzü, sonra da ətrafınızda olanları sevin. Sevin ki, dünya gözəlləşsin. Bir gün deyil, hər gün sevib sevilməyiniz diləyi ilə”.
Şəhər sakini Sona Şıxəmirli: “Kim qeyd edirsə təbrik edirəm. Sevgilim olmadığı üçün bu gün təkəm. İşləyirəm. İnşallah, gələn ilin bu günü mən də qeyd edərəm”
Şəhər sakini Aytac Əliyeva: “Bildiyimiz kimi hər il müəyyən olunmuş tarix - 14 fevral Sevgililər Günü kimi qeyd olunur. Mən düşünürəm ki, sevgini qeyd eləmək üçün hansısa seçilmiş günü gözləmək lazım deyil. Həqiqətən sevən insanlar üçün, hər gün özəldir. Düşünürəm ki, 14 fevral təkcə hansısa şəxsi münasibət yaşayan insanlar üçün yox həm də umumi şəkildə sevginin təmsil olunduğu gündür. Hər münasibətdə insanların şəxsi, onlara özəl günləri var. 14 fevral isə umumi sevginin təmsili günüdür. Hər gün sevib sevilmək və sevgiyə dəyər vermək tərəfdarıyam. Sadəcə bir gün yox hər gün sevin və sevilin”.
Şəhər sakini Paşa Məmmədov: “Doğrudur, sevginin günü yoxdur. Sevgi əsla maddiyyatla, var dövlətlə ölçülmür. Adi xoş söz belə sevən qəlbi xoşbəxt etməyə kifayətdir. Amma yenə də özəl günlərdə biri-birinin yanında olmaq, bu günü əbədiləşdirmək düşünürəm ki, önəmlidir. Xüsusilə də xanımlar özəl günlərdə daha çox diqqət-qayğı tələb edirlər. Sevib-sevilən hər kəsin bayramı mübarək olsun”.
Şəhər sakini Aysu Məmmədova: “Bu gün Sevgililər Günü ilə yanaşı, beynəlxalq kitab bağışlama günüdür. Sevgililər Gününü qeyd etməyə sevgilimiz olmadığı üçün kitabsevər olaraq bu günü kitab bağışlama günü kimi qəbul edirik”.
Ayşən Vəli