“Miatsum” məhv edilib: amma separatçılar qalır (?!) TƏRS BAXIŞ+ÖZƏL

14 Fevral 2022 13:55 (UTC+04:00)

Yaxud, səbr kasamız dolubmu?

44 günlük müharibədən sonra erməni işğalından azad edilmiş Qarabağ ərazilərimizdə tikinti-quruculuq və bərpa işləri geniş vüsət alıb. Artıq azad olunmuş rayon və kəndlərimizdə sosial infrastrukturların və s. mühüm obyektlərin sürətli inşası həyata keçirilir ki, bu da qısa zamanda bu torpaqların əsl sahiblərinin öz doğma yurd-yuvalarına geri dönmələri prosesinə münbit təkanlarını verməkdədir.

Proses davam etdikcə, xalqımızı da narahat edən bəzi məsələlərin qısa müddətdə öz həllini tapacağı ümidi artır. Daha dəqiq desək, dədə-baba yurdlarımız qucaq açıb öz övladlarını səbirsizliklə gözləyir. Lakin...

Lakin bütün bunlarla yanaşı, hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə qalan quldur-separatçı və terrorçu tör-töküntüləri hələ də “miatsum” xülyalarını müxtəlif təxribatçı əməlləri ilə ayaqda saxlamağa cəhdlər göstərir, hətta zaman-zaman aşkar həyasızlıq nümayiş etdirən əməlləri ilə təxribatlarının “barıtını” artırırlar.

Separatçı quldurlar “miatsum hərəkatı” deyilən sərsəm oyunbazlıqlarını davam etdirirlər!

Məsələ ondadır ki, Azərbaycan xalqının və dövlətinin birliyi, vəhdəti, ordumuzun gücü, qüdrəti sayəsində mənfur düşmən məhv edildi və bununla sərsəm “miatsum” xülyalarının bir hissəsi tarixin zibilliyinə atıldı. Ancaq sən demə, Azərbaycanın humanizm prinsipindən çıxış etməklə separatçılara vaxt verməsi qarşı tərəfdən doğru qiymətləndirilmədi və həmin doğru qiymətləndirilməmənin nəticələridir ki, 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın mühüm müddəalarından biri – 4-cü bənd hələ də icra edilməmiş qalmaqdadır.

Və nəinki icra edilməyib, üstəlik yuxarıda da qeyd etdiyimiz kimi, separatçı quldurlar “miatsum hərəkatı” deyilən sərsəm oyunbazlıqlarını davam etdirirlər!

Panerməni “Hayastan” fondunun Qarabağda hansı iti azıb?

Beləliklə, SİA xəbər verir ki, Sutnik-Armeniyanın yazdığına görə, panerməni fondu “Hayastan” Rusiya sülhməramlılarının müvəqqəti nəzarətləri altında olan ərazilərimizdə yaşayış kvartalları və yol tikməyə başlayıb. Fondun direktor müavini Ararat Xlaqyan və tanınmayan separatçı rejimin “şəhər tikintisi naziri” Aram Sarkisyan tikinti meydançalarında olublar, işlərin gedişatı ilə maraqlanıblar (?!).

“Onlar Əsgəran rayonunda inşa edilən “Ovsepan” və “İvanyan” (Xocalı!) qəsəbələrində olublar və sonra “Stepanakertin” (Xankəndinin!) “Arakelyan”, “Tiqran Mets”, “Tumanyan”, həmçinin “Açapnyak” kvartalına baş çəkiblər”, deyə bildirilən məlumatda adıçəkilən separatçıların Ağdərə və Əsgəran rayonlarında aparılan yolların tikintisinə də baxış keçiriblər (??!!)

Hər tərəfdən Azərbaycan Ordusunun hədəfi altında olan separatçı-quldurlar buna rəğmən, Azərbaycanın səbr kasasını doldurmaqla məşğuldurlar

Fakt budur ki, quldurlar yığnağı rusların arxalarında istədikləri təxribatçı əməllərini rahatlıqla həyata keçirirlər və bütün bu proseslər təbii ki, Azərbaycan dövlətinin diqqətindən kənarda qalmır. O cümlədən, hər tərəfdən Azərbaycan Ordusunun hədəfi altında olan separatçı-quldurlar buna rəğmən, Azərbaycanın səbr kasasını doldurmaqla məşğuldurlar.

Düzdür, biz əminliklə deyə bilərik ki, torpaqlarımızda “dövlət” adı altında və qanunsuz şəkildə fəaliyyət göstərən separatçılar heç nəyə nail ola bilməyəcəklər, hətta onların tikib-qurduqları da əvvəl-axır bizə qalacaq, çünki həmin rejim saman çöpündən asılı qalıb. Ancaq hər şeyə rəğmən, bənzər faktların ortaya çıxması Azərbaycan ictimaiyyətini haqlı olaraq hiddətləndirir!

Cındırından cin hürkən Beqlaryan da bu tərəfdən...

Bu ad azmış kimi, separatçı rejimin, sözün əsl mənasında, “cındırından cin hürkən” və “dövlət naziri” adı altında “fəaliyyət göstərən” daha bir cinayətkar ünsürü – Artak Beqlaryan özünün Facebook səhifəsində “miatsum” xülyalarını sərsəmləyib, Azərbaycanın əzəli və əbədi torpaqlarını azad etməsini “işğal” kimi yazıb, “miatsum” məqsədlərini reallaşdıracaqlarını, hətta “ana Ermənistanla birləşəcəklərini” iddia edib (?!).

Qısa müddətli blist-krik olacaqmı?

Eyni zamanda, separatçıbaşı - Araik Arutyunyan Rusiyaya turist kimi səfərlər edərək bu səfərlərini “rəsmi işgüzar səfər” kimi təqdim edir, guya Rusiyanın “rəsmi şəxsləri ilə” görüşlər keçirdiklərini iddia edirlər. Halbuki, Kremlin diplomatik mənbələri həmin məlumatlara təkzib veriblər. Bu da öz yerində...

Fəqət, fakt budur ki, bütün bunlar rəsmi Bakının həm də bütövlükdə Azərbaycan xalqının onsuz da tükənmiş səbrini daha da daşırır və hətta belə desək, sülhməramlıların Qarabağda mövcud olub-olmamalarından, asılı olmayaraq qısamüddətli blits-krik vasitəsi ilə yerdə qalan mənfur separatçıların birdəfəlik torpaqlarımızdan – Xankəndidən, Əsgərandan, Ağdərədən, Xocalıdan süpürülərək Ermənistana doğru atılmaları mümkünlüyünü kifayət qədər qüvvədə saxlayır. Bir sözlə, Azərbaycan necə ki, 44 günlük müharibədə düşməni sarsıdıcı məhvə məruz qoydusa, bu dəfə özü də çox qısa müddətdə həmin qətiyyətini nümayiş etdirmək haqqında, hüququndadır!

Rövşən RƏSULOV