“Bədənimizi piylənmədən və yağlanmadan qorumaq üçün bəzi qızıl qaydalara mütləq riayət etmək lazımdır. Onlardan ən önəmli olanı qida rasionumuzdan şəkəri və karbohidrat mütləq şəkildə çıxarılmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

Onun sözlərinə görə, ikinci ən önəmli qızıl qaydamız isə fiziki aktiv həyat tərzidir: “Yəni gündəlik ən az 1 saat tempolu yürüyüş və ya həftədə 3 dəfə hər hansısa 1 idman növü ilə məşğul olmaq vacibdir. Əzələ kütləsi nə qədər çox olsa bədənimiz piylərdən bir o qədər tez azad olar. Çünki məşqlərlə əzələ qazanarkən, metobalizm sürətimizi də artırırıq”.
Ceyhunə Yusifova sözlərinə belə davam edib: “Gün ərzində ən az yarım litr su içmək, kalori yandırmasını orta hesabla 30 faiz artırır.Ona görə su içmək yağlanmanın qarşısını almaqda bizim əsas qızıl qaydalarımızdan biridir.
Digər önəmli bir məsələ yuxu məsələsidir. Qeyri-kafi yuxu nəticəsində piylənmə və çəki artımı baş verə bilər. Yuxusuzluq vəziyyətində bədən epinefrin, norepinefrin və kortizol kimi stress hormonlarını ifraz edir. Nəticədə uzun müddət orqanizmdə maddələr mübadiləsi pozulur, səhər yuxudan duranda şirin və ya yağlı şeylər istəyirsən və kökəlmə baş verir. Gecə orta hesabla 7-8 saat yatmalısınız.
D vitamini depolarınızı doldurun. Vitamin D günəş işığı ilə aktivləşdirilən bir vitamindir. Bir çox tədqiqatlar D vitamini çatışmazlığının yağ hüceyrələrinin funksiyaları və piylənmə ilə əlaqəli olduğunu aşkar etdi, lakin onun kilo itkisi ilə əlaqəsi tam aydınlaşdırılmamışdır. Bədəni kifayət qədər D vitamini ilə təmin etmək çox vacibdir. D vitamini əzələ və sümük mübadiləsi üçün lazımdır, lakin kifayət qədər D vitamini olmayanlar əzələlərini inkişaf etdirə bilmirlər.
Piylənmədən qorunmaq üçün daha çox proteinli qidalar qəbul edin. Bir insan kilo başına 0,8-1,0 q protein almalıdır ki, bu da 70 kiloluq bir insan üçün 56 qram protein deməkdir. Protein çox yaxşı iştahkəsici xüsusiyyətlərə malikdir və o, həmçinin enerji zülalın həzminə sərf edildiyi üçün maddələr mübadiləsini sürətləndirməyə kömək edir.
Proteinin bədəndə həzm edilməsi sadə karbohidratlardan daha çətindir. Bədənimiz zülalları həzm etdikdə, həzm zamanı daha çox səy göstərir və daha çox enerji sərf edir”.
Ayşən Vəli