Türk astronomlar kosmosda iki planet kəşf ediblər

14 Fevral 2022 14:25 (UTC+04:00)

Ankara Universiteti Astronomiya və Kosmos Elmləri Bölməsinin tədqiqatçıları Yerdən 1336 işıq ili uzaqlıqda Kepler-451 qoşa ulduz sistemində iki planet kəşf ediblər. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Ankara Universitetinin Astronomiya və Kosmos Elmləri Bölməsinin rəhbəri, professor Doktor Səlim Osman Səlam keşf ilə əlaqəli açıqlamasında: “Ankara Universitetinin Kreiken Rəsədxanasındakı professor Doktor Berahitdin Albayrak adına teleskop və Çanaqqala Onsekiz Mart Universitetindəki teleskopla qoşa ulduzun işıq ölçmə müşahidələri aparıb. Tədqiqat zamanı Kepler və TESS kosmik teleskoplarının əldə etdiyi müşahidələrdən də istifadə edilib. Sözmövzusu müşahidələrlə Kepler-451 sistemində daha əvvəl kəşf edilmiş planetə əlavə olaraq Yupiter böyüklüyündə daha iki nəhəng planetin olduğunu təsbit etdik. Qoşa ulduzların ətrafında 21-ci və 22-ci planetlərin kəşf edilməsi ilə bu mənada kəşf edilən planetlərin sayı 22-yə yüksəldi. Planetlərdən birinin kütləsi Yupiterdən təxminən 1,5 dəfə, digəri isə iki dəfə çoxdur. Qaz nəhəngi planetlər olduğundan isə bunlarda həyatın olması ehtimalı yoxdur”.

Qeyd edək ki, Kepler-451 sistemində planetlərin kəşfini təsvir edən elmi məqalə İngiltərənin Oxford University Press nəşriyyatında bu sahədə ən nüfuzlu jurnallardan biri olan "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.