Ermənistan rəhbərliyi Zəngəzur məsələsinə mənfi münasibət bəsləyir - ŞƏRH EDİLDİ

14 Fevral 2022 10:37 (UTC+04:00)

“Regionda kommunikasiya, xüsusi olaraq Zəngəzur məsələsi gündəmdə olan əsas məsələlərdən biri kimi bu gün Azərbaycanın maraqlarına uyğundur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Naxçıvanla quru yolla əlaqə qurulmasında olduqca vacib kommunikasiya vasitəsidir: “Ona görə də biz bu məsələdə israrlıyıq. Ermənistan rəhbərliyi Zəngəzur məsələsinə mənfi münasibət bəsləyir. Lakin onların bu münasibəti qəbul olunmazdır. Çünki Zəngəzur dəhlizi açılmazsa, Laçın dəhlizi bağlanacaq. Bu isə ilk növbədə Ermənistana xeyir etməyəcək. Azərbaycan həm kommunikasiya xətlərinin açılmasını, həm də dəhlizin işə düşməyini istəyir. Bu kommunikasiya xəttinin açılması Azərbaycan üçün çox vacib məsələdir. Ermənistan rəhbərliyi də bunu bildiyi üçün bu işə hər cür mane olmağa çalışır. Əgər razılaşma əldə olunarsa və sözügedən dəhliz işə düşərsə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək. Bizim üçün əsas məqsəd kommunikasiya xətlərinin açılmasıdır. Əgər Ermənistan bu məsələdəki mövqeyini davam etdirsə nə Laçın dəhlizi, nə Zəngəzur dəhlizindən istifadə edə bilməyəcək”.

Deputat sözlərinə belə davam edib: “Son proseslər göstərir ki, artıq Ermənistan hakimiyyəti buna məcbur olduğunu yaxşı anlayıb. Özləri də bilir ki, bu vasitə onlar üçün ən yaxşı çıxış yoludur. Xüsusilə, baş tutan görüşlərdən də belə nəticə çıxara bilərik ki, tezliklə Azərbaycanın istəyinə uyğun olaraq kommunikasiya xətləri fəaliyyətə başlayacaq”.

Ayşən Vəli