
Gənc nəslin mənəvi, eləcə də fiziki inkişafı cəmiyyət üçün ən prioritet məsələ hesab olunur və olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, gənclərin Vətənə məhəbbət ruhunda tərbiyə alması ən vacib şərtdir. Ölkəmizin gənclərində Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə, eləcə də rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhu aşılanmalı və buna xüsusi diqqət ayrılmalıdır. Təbii ki, uşaq və gənclərin hərbi-vətənpərlik hazırlığı da bu baxımdan ümdə vəzifələrdəndir və onların hərbi xidmətə hazırlığı daim diqqətdə saxlanılmalıdır. Bunun üçün isə gənclərin fiziki və mənəvi tərbiyəsinin inkişafı ön planda durur.
Gənc nəslin dünyagörüşünün artması, maariflənməsi, biliklərə yiyələnməsi ilə yanaşı fiziki cəhətdən sağlam böyüməsi də əsas məqamlardandır. Məhz buna görə də Ümummilli Lider Heydər Əliyev ölkəmizin uşaq və gənclərinə xüsusi diqqət ayırıb və indi də ölkə rəhbəri, cənab Prezident İlham Əliyev tərəfindən bu diqqət ayrılmaqdadır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin üşaq və gənclərə ayırdığı diqqət əməli işlərdə və fəaliyyətdə öz təsdiqini tapır. Dünyamiqyaslı yarışlarda, olimpiadalarda, idman yarışlarında gənclərimizin iştirakı, ölkəmizi bütün dünyada təmsil etmələri, uğurlara imza atmaları, qələbələr qazanmaları əsası Ulu Öndər tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin məntiqi nəticəsidir.
Son dövrlərdə olimpiya sahəsində Azərbaycan gənclərinin qazandığı uğurlar heç də təsadüfi deyil. Bu uğurlar göstərilən qayğı sayəsində əldə edilir. Bilirik ki,ölkə daxilində idman sahəsində aparılan islahatlar təkzibedilməzdir. Onu da xüsusilə nəzərə almaq lazımdır ki, rayonlarda olimpiya idman komplekslərinin açılması, idman sahəsinə diqqətin bariz nümunəsidir və bu təbii ki, uşaq və yeniyetmələrin idmana marağını artırır. Sözsüz ki, bu maraq da illər keçdikcə təcrübəli idmançıların yetişməsinə gətirib çıxarır və bu da gənclərimiz arasında Dünya, eləcə də Avropa çempionlarının, Olimpiya çempionlarının sayını artırır. Heç şübhəsiz ki, bütün bunlar üşaq və gənclərin mənəvi tərbiyəsi ilə yanaşı fiziki tərbiyəsinin də inkişafı deməkdir. Əlbəttə ki, bu baxımdan Azərbaycanın illərdir "idman ölkəsi" kimi tanınması təsadüfi sayıla bilməz.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gənc nəslin təlim-tərbiyəsinin yüksəldilməsinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edildiyi heç kim üçün sirr deyil. Hazırda məhz ölkə başçısının rəhbərliyi ilə uşaq və gənclərin hüquqlarının etibarlı təminat mexanizmləri yaradılıb, ölkənin sürətli inkişafı fonunda uşaqların təhsili və intellektual inkişafı istiqamətində önəmli layihələr də gerçəkləşdirilib. “Uşaqlar cəmiyyətimizin sabahıdır və uşaqlarımızın hərtərəfli şəxsiyyət, eləcə də ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”, deyən ölkə başçısı, xalqın gələcəyi olan uşaqlara diqqət və qayğını yüksək qiymətləndirir.
Uşaq və gənclərin fiziki tərbiyəsi idmanla sıx şəkildə bağlıdır və onların sağlamlığına xidmət edən ən mühüm amildir. İdman uşaq və gənclərin mənəvi tərbiyəçisidir. İdman orqanizmin bərpası, möhkəmlənməsi, eləcə də sağlamlığı deməkdir və sağlam bədəndə sağlam ruh olduğu da özünü dəfələrlə sübut edibdir. İdmanla müntəzəm olaraq məşğul olanların öz müsbət davranışları ilə də fərqləndikləri bir reallıqdır və deməli, idman üşaq və gənclərin fiziki və mənəvi tərbiyəsinə müsbət təsir edir. Mənəvi tərbiyənin, etikanın əsasını təşkil edən vasitələrdən biri də məhz idman hesab edilir və fiziki, eləcə də mənəvi tərbiyənin formalaşmasında idman cəmiyyət üçün istiqmətverici sayılır.
Hazırda uşaq və gənclərin fiziki, eləcə də mənəvi tərbiyəsində təhsil ocaqlarının üzərinə xüsusi məsuliyyət düşür. Gənclərin sağlam həyat tərzi seçməsi, fiziki və mənəvi inkişafında təhsil ocaqlarının üzərinə böyük məsuliyyət düşür. Çünki, məhz təhsil ocaqları gənclərə düzgün tərbiyənin verilməsində, mənəvi keyfiyyətlərin aşılanmasında əhəmiyyətli rol oynayır. Vətənə məhəbbət ruhunda gənclərin tərbiyə alması ölkəmizin xoşbəxt gələcəyindən xəbər verir və bunun üçün əlverişli mühit də mövcuddur. Məhz Vətənə məhəbbət, milli dəyərlərin qorunması, vətəndaşlıq məsuliyyəti işğalçı ölkə tərəfindən uzun illər işğal altında saxlanılmış torpaqlarımızın işğaldan azad ediləmədi, geri qaytarılması istiqamətində birliyimizi və qələbələrimizi təmin etdi. Ölkəmizin öz ərazi bütövlüyünü təmin etməsi məhz vətənpərvərlik, Vətənə məhəbbət, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhu sayəsində reallaşdı.
Əlbəttə ki, uşaq və gənclərdə qeyd olunan keyfiyyətlərin aşılanması, fiziki və mənəvi tərbiyənin inkişaf etdirilməsində ailələrin də üzərində böyük məsuliyyət var. Hər bir azərbaycanlı ailəsi öz uşaqlarının, cəmiyyətə təqdim etdiyi gənclərin tərbiyəsinə, fiziki və mənəvi tərbiyəsinə görə cavabdeh olmalıdır və cavabdehdir. Bu baxımdan ailələr də öz mənuliyyətlərini dərk etməli, uşaq və gənclərin fiziki, eləcə də mənəvi tərbiyəsinə öz tövhəsini verməlidirlər. Gənclərimiz zərərli vərdişlərdən, cəmiyyətin ən böyük bəlası olan narkomaniya və alkoqolizmdən çəkindirilməli, qorunmalıdırlar və bu işdə ailələrin, xüsusilə valideynlərin müstəsna rolu var və hər bir ailədə uşaq və gənclərə təhlükəli, zərərli vərdişlərdən çəkinmələri, uzaq olmaları təbliğ olunur. Ailələrimizdə valideyinlər öz övladlarını məhz sağlam böyütmək, zərərli vərdişlərdən çəkindirmək, asudə vaxtlarını səmərəli keçirmələri, nəticədə isə onların fiziki və mənəvi inkişafı üçün idmanla məşğul olmalarına, əsl vətəndaş olmalarına şərait yaradırlar. Azərbaycan dövlətinin, eləcə də azərbaycanlı ailəsinin öz milli dəyərlərinə sadiq vətəndaş yetişdirmək üçün səy və bacarıqlarını əsirgəmədiyi günümüzün reallığıdır və bu baxımdan cəsarətlə deyə bilərik ki, uşaq və gənclərimizin fiziki, eləcə də mənəvi inkişafı etibarlı əllərdədir.
İnam Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.