“Beynəlxalq aləmdə heç nə öz başına olmur. Yəni, beynəlxalq aləmin inkişaf fəlsəfəsi bunu göstərir ki, istənilən böyük bir dəyişiklik olanda bunun səbəbləri olur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, dövlətlərarası və beynəlxalq arenada olan böyük dəyişikliklərin səbəbi, kökü və bu proseslərə təsir edən amillər olur: “Ermənistan rəhbərliyi və Paşinyanın mövqeyinin bu formada dəyişilməsi də özbaşına olmayıb. İlk öncə qeyd etmək istərdim ki, cənab Prezidentin xarici siyasəti, Ordumuzun gücü, qələbəmiz və dövlətin beynəlxalq arenada həyata keçirilən iqtisadi və siyasi addımları artıq məcbur edir ki, Ermənistanın hakimiyyətinin bir qismi məcburiyyət qarşısında öz fikirlərini dəyişsinlər”.
Deputat sözlərinə belə davam edib: “Düşünürəm ki, bu halda Ermənistanın başqa əlacı qalmır və onlar məcburiyyət qarşısında Zəngəzur dəhlizini açmalı olacaqlar. Onların iqtisadi durumu çox pis vəziyyətdədir. Yəni, ermənilər bu addımı atmağa məcburdurlar
İnanıram ki, bu ilin sonunda dəhliz açılacaq. Olayların gedişatı da bunu göstərir”.
Ayşən Vəli