Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyindəki rolu - TƏHLİL

11 Fevral 2022 15:52 (UTC+04:00)

Prezident İlham Əliyev: “Ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir”

Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyəti getdikcə artır. Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji amilinin siyasi hadisələrə təsiri Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin atması təbii idi. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi. Məhz Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır. Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də ekspertlərin “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir və Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir.Bir sözlə. təməli ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 26 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək.Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışından sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində də bildirdi ki, ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir.

“ƏLBƏTTƏ, BU NƏHƏNG ENERJİ OBYEKTLƏRİNİN İNŞASI ZAMAN TƏLƏB EDİRDİ”

“Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Nəzərə alsaq ki, həftənin əvvəlində “Yaşma” yarımstansiyası işə salındı, hər kəs görə bilər, cəmi bir həftə ərzində Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülüb. Əlbəttə, bu nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində belə nəhəng enerji obyektlərinin inşa edilməsi bizim güclü imkanlarımızdan xəbər verir".Prezident İlham Əliyev bu fikirləri “Qobu” Enerji Qovşağının açılış mərasimindən sonra AZƏRTAC-a müsahibəsində söyləyib.

“Yaşma” yarımstansiyasının və “Qobu” Enerji Qovşağının əhəmiyyətindən danışan dövlətimizin başçısı deyib: “Həftənin əvvəlində Yaşmada böyük yarımstansiyanın istifadəyə verilməsi enerji dayanıqlılığına xidmət göstərəcək. Gücü 750 meqavat olan yarımstansiya əlbəttə ki, bizim enerji sistemimizdə önəmli yer tutacaq. Bu gün isə 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının açılması əlbəttə, generasiya güclərimizi böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib”.Prezident bildirib ki, bu genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, Azərbaycan mütəxəssisləri, fəhlələri iştirak ediblər. Yəni, bu, onu göstərir ki, bizim çox güclü texniki potensialımız, kadr potensialımız var.

“AZƏRBAYCANDA ÖZ VƏSAİTİ HESABINA İNŞA EDİLƏN BU NƏHƏNG OBYEKTLƏRİN İSTİFADƏYƏ VERİLMƏSİ HƏM MALİYYƏ VƏ TEXNİKİ İMKANLARIMIZI GÖSTƏRİR, HƏM DƏ MALİYYƏ MÜSTƏQİLLİYİMİZDƏN XƏBƏR VERİR”

Dövlət başçısı onu da bildirib ki, hələ də dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb, ancaq Azərbaycanda öz vəsaiti hesabına belə böyük və nəhəng obyektləri maliyyə və texniki imkanları hesabına həyata keçirir: “Dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə və texniki imkanlarımızı göstərir, həm də maliyyə müstəqilliyimizdən xəbər verir”.

Dövlətimizin başçısı qeyd edib ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb və bu işlərin yenə də davamı var. Çünki artan tələbat - həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir.“Keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni, biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək ”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

“YANVAR AYINDA AZƏRBAYCAN İQTİSADİYYATI TƏXMİNƏN 6 FAİZ ARTIB”

Prezident İlham Əliyev müsahibəsi zamanı ölkədə əhalinin sayının 7 milyondan 10 milyona çatmasının səbəbini açıqlayaraq bildirib ki, bu Azərbaycan iqtisadiyyatının artması ilə bağlı olduğunu deyib: “Müstəqillik dövründə əhalimiz 7 milyondan 10 milyona çatıb. Bu, ölkədə gedən müsbət meyillərin, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. Əlbəttə ki, bizdə bütün sahələrdə olan potensial bu demoqrafik artıma uyğun olmalıdır”.Ölkə iqtisadiyyatının, sənaye potensialının artdığını bildirən dövlətimizin başçısı deyib: “Keçən il biz xalqımız? gözəl göstəricilərlə sevindirə bildik. Keçən il iqtisadiyyatımız 5 faizdən çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı isə təxminən 20 faiz artıb. Yanvar ayının ilk yekunları mənə bu günlərdə məruzə edildi. Nəticələr daha da ümidvericidir. İqtisadi artım təxminən 6 faiz, qeyri-neft sektorunda ümumi daxili məhsul təxminən 9 faiz, qeyri-neft sənaye istehsalı sahəsində isə artım 24 faiz olmuşdur. Bu da rekord göstəricidir. Yəni, bu onu göstərir ki, müsbət dinamika bu il də təmin ediləcək”.

“AZƏRBAYCAN DÜNYA MİQYASINDA BÜTÜN ENERJİ KOMPONENTLƏRİNİN İNKİŞAFINA GÖRƏ QABAQCIL ÖLKƏLƏRDƏNDİR”

“Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir”,-deyən Azərbaycan Prezident ionu da bildirib ki, bu, əlbəttə ki, son illər ərzində əldə edilmiş nailiyyətlərdir: «Bu, əlbəttə ki, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır”.Bu gün Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını, ölkəmizin həm bölgədə, həm də qitədə çox etibarlı enerji təchizatçısına çevrildiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq”.

“HAZIRDA BP ŞİRKƏTİ İLƏ CƏBRAYILDA GÜNƏŞ ELEKTRİK STANSİYASININ İNŞASI İLƏ BAĞLI DANIŞIQLAR GEDİR”

“Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar»,-deyən Azərbaycan Prezidenti bildirib ki, keçən ay bu sahədə ən böyük şirkətlərdən biri – “Acwa Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi, 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə verilməlidir: “Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Birləşmiş Ərəb Əmirliyinin Mazdar şirkəti ilə danışıqlar gedir günəş elektrik stansiyasının inşası ilə bağlı, hər iki layihə haradasa 400-450 meqavat gücündədir”.

“ÖLKƏ DAXİLİNDƏ ENERJİ TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI HEÇ BİR PROBLEM YOXDUR”

Dövlət başçısı ölkədə əldə olunan uğurlarla bağlı bu günlərdə keçirilən 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası da qeyd etdiyini bildirdi: “Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar”.“Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox müsbətdir və ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu problemlər var və kəskinləşir. Bəzi ölkələr, ümumiyyətlə, öz enerji balansını düzgün tərtib edə bilmirlər. Çünki xarici təchizatçılardan asılıdırlar və orada müəyyən problemlər yaranıbdır. Ona görə biz həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik,-deyən Prezident İlham Əliyev növbəti planların da olduğunu söylədi: “Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq”.

“BİZ TƏKCƏ NEFTDƏN, QAZDAN YOX, EYNİ ZAMANDA, ELEKTRİK ENERJİSİNDƏN DƏ VALYUTA QAZANACAĞIQ”

"Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır və mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq". Bunu Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq: "Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Bunun üzərində biz işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran bütün vəzifələri biz uğurla icra edirik".

AZƏRBAYCAN PREZİDENTİ İNVESTORLARI AZAD EDİLMİŞ TORPAQLARDA ENERJİ SAHƏSİNƏ SƏRMAYƏ QOYMAĞA ÇAĞIRIB

“Biz Azərbaycanda elektrik enerjisini istehsal etmək üçün hazırda ancaq təmiz enerji növlərindən istifadə edirik, mazutdan istifadə etmirik, kömürdən istifadə etmirik. Halbuki bir çox ölkələr bu məhsullardan istifadə edirlər. Biz təbii qazdan, sudan, günəşdən, küləkdən istifadə edirik. Bunu nəzərə alaraq gələcəkdə ətraf mühiti qorumaq üçün biz mütləq bərpaolunan enerji növlərini yaratmalıyıq”.Bu fikirləri Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində bərpaolunan enerji növlərinin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışarkən söyləyib.

Dövlətimizin başçısı bildirib ki, bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini görürük. Xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Azərbaycan Prezidenti “ACWA Power” şirkətinin ölkəmizdə 240 meqavatlıq külək elektrik stansiyasının tikintisin başladığını, BP və Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkətləri ilə günəş elektrik stansiyalarının inşasına dair danışıqlar aparıldığını diqqətə çatdırıb.Azad edilmiş torpaqlarda su, günəş və külək enerjisi baxımından böyük potensial olduğunu bildirən Prezident İlham Əliyev yerli və xarici investorları bu sahəyə sərmayə qoymağa dəvət edib. Qeyd olunub ki, Kəlbəcər-Laçın zonasında və azad olunmuş digər torpaqlarda 9 min meqavatdan çox təsdiqlənmiş enerji potensialı var.“Bizim ən böyük potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.Bütövlükdə, son illərdə respublikamızda elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları daha çox olacaq.

RƏFİQƏ KAMALQIZI