Xocalı qətliamı bütün dünya tərəfindən genosid kimi tanınmalıdır - DEPUTAT ŞƏRH ETDİ

9 Fevral 2022 10:23 (UTC+04:00)

“Azərbaycanın tarixi torpaqlarında məskunlaşdırılan ermənilər dəfələrlə xalqımıza qarşı xəyanətlərə əl atıblar. Belə ki, “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fatma Yıldırım bildirib.

Onun sözlərinə görə, Xocalı soyqırımı isə ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və terror siyasətinin ən qəddar, ən qandondurucu səhifəsidir: “1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini işğal edərkən mülki əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Bu il Xocalı soyqırımının törədilməsinin 30-cu ildönümüdür. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Ona görə də, Xocalı qətliamı bütün dünya tərəfindən genosid kimi tanınmalıdır”.

Millət vəkilinin sözlərinə görə, artıq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğala 2020-ci ilin 10 noyabrında son qoyulub: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsi müzəffər ordumuzun parlaq qələbəsi ilə başa çatıb. Azərbaycan tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa edib və regionda yeni reallıq yaranıb. Eyni zamanda dövlətimiz regionu terrorçulardan azad edərək, bura sülh və əmin-amanlıq gətirib. Bu bizim əsas missiyamız idi. Hazırda işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri həyata keçirilir. 30 ilə yaxın altında qalan Azərbaycan torpaqlarında tarixi irsimizin, mədəni və dini abidələrimizin Ermənistan tərəfindən vandalizmə məruz qalıb. Törətdikləri beynəlxalq cinayətlərə görə Ermənistan ədalət məhkəməsi qarşısında mütləq cavab verməlidir. İnanırıq ki, ədalət bir gün bərpa olunur və haqq yerini tapacaq. Xocalı soyqırımının tanınması və bu faciəyə siyasi qiymət verilməsi bu baxımdan çox önəmlidir. Bilirsiniz ki, Prezident İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən soyqırımı ilə əlaqədar tədbirlər planı hazırlanaraq həyata keçiriləcək”.

Fatma Yıldırım Xocalı soyqırımı həqiqətlərinin dünyada təbliği baxımından “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətini də vurğulayıb: “Lakin bu prosesdə hər kəs iştirak etməlidir. Xüsusilə, diaspor təşkilatlarımız bu istiqamətdə fəaliyyətlərini gücləndirməlidirlər. Xatırladım ki, mən də 2000-ci illərin əvvəlində Avropada yaşayarkən diaspor fəaliyyəti ilə məşğul olmuş, Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırımlasına çalışmışam. Bütövlükdə, hesab edirəm ki, bundan sonra da hər birimiz Xocalı faciəsinin tanıdılması və onu törədənlərin layiqli cəzalarını almaları üçün var qüvvəmizlə çalışmalıyıq. Bu məsələdə diasporumuzun da üzərinə böyük vəzifələr düşür. Xocalı soyqımının dünyada tanınması üçün hamımız səfərbər olmalıyıq”.