Tik-tokda “çarmıxa çəkilən” MÜƏLLİM...

8 Fevral 2022 15:36 (UTC+04:00)

Yazmaq istəmirdim. Çünki bu mövzuda yazmaq özü böyük cəsarət istəyir insandan. Zavallı və cahil cəmiyyət öz müəllimini sosial şəbəkələrdə bihörmət edirsə, bundan yazmaq qədər ağır heç nə yoxdur. Amma yazmamaq, susmaq da ondan daha betər günahdır. Amma getdikcə rəzil hala çevrilən vəziyyət, bir xalqın və bir ölkənin deyil, bütün insanlığın gələcəyi üçün əvəzedilməz olan böyük MÜƏLLİMİN ucuzlaşdırılması, lağa qoyulması, bihörmət edilməsi elə bir hal alıb ki, buna susacaq cəmiyyət açıq şəkildə öz gələcəyinə güllə sıxır, başqa heç nə. Gününü tik-toklarda, vatçaplarda onun-bununla yazışmağa, boşboğaz videolara layk atmağa, vaxtını “romantik kəşflərə” xərcləyən bir para “valideynlər” bu rəzil vəziyyətin əsas “AKTYORLARIDIR”.

Bu rəzil vəziyyət hər şeydən əvvəl həm də bir cəmiyyətin sonu, fəlakətinin və dəhşətli günlərinin siqnalıdır. Budur, müasir “ölülər” yenə iş başındadır. Daş-qalaq edilən isə, gələcək üçün çıraq tutan ziyalı, işıqlı müəllim şəxsiyyətidir. Yeni novruzəlilər, elm əvəzinə it qapışdıranlar, cahil və avara sürüsü qapını döyür ey camaat! Nizam-tərəzinin, xeyirlə şərin, əxlaqla əxlaqsızlığın toz-dumana çevrildiyi bu günlərdə hədəfdə odur, - böyük MÜƏLLİM! Nüfuzu və şəxsiyyəti tik-toklarda, vatçaplarda param-parça edilən, amma bir zamanların insanları üçün ata-anadan daha doğma və əziz olan, bir kəlməsi yüzlərlə uşağın gələcək taleyini dəyişən, parta arxasındakı şagirdləri üçün şəxsi həyatı, sosial libası qıfıl kimi sirli qalan, əsl ideal olan dəyərli müəllim bütün mənalarda məhv edilir bu gün...

Aylardır ki, bir mövzu sosial şəbəkələrdəki hərzə-mərzə, dedi-qodu hədəfinə çevrilib. Nədir məsələ? Deməli, belə: Ayrı-ayrı məktəblərdə bir qrup tərbiyəsiz şagird müəllimlərini ələ salır, ona əl qaldırır, təhqir edib araya qoyur və bunu insan tərbiyəsi üçün ölüm yuvasına çevrilən tik-tok şəbəkəsində yerləşdirirlər. Bir başqa videoda müəllimin tərbiyəsiz şagirdi intizama dəvət etməsini, ona acıqlanmasını, qolundan tutub sinif otağından çıxarmasını “şok hadisə” kimi qələmə verib müəllimləri “topa tuturlar”. Bəs, sən demə, bu, dəhşətli hadisədir, sən demə, müəllim bu tərbiyəsiz uşaqlar qarşısında boynunu büküb durmalı idi, bu tərbiyəsizlikləri sinəyə çəkməli, cınqırını belə çıxarmamalı idi. Müəllim nədir, sinifdəki tərbiyəsiz şagirdə acıqlanmaq, ona qulaqburması vermək nədir? - biabırçılıq! Sonra nə olur? - bir çoxları da səs-səsə verib başlayırlar şərh yerində ağızlarına gələn tərbiyəsizlikləri yazmağa, digər sosial şəbəkələrdə müəllim şəxsiyyətini “dar ağacına çəkməyə”. Ay aman, qoymayın, müəllim uşaqları döyüb-öldürür, onların “sərbəst davranışlarına” sədd çəkir və sairə və ilaxır. Nə deyəsən, nitqin quruyur bu biabırçılıq qarşısında.

Öz evində uşağına tərbiyə verməyi “yaddan çıxaran” bəzi valideynlər, sinif otaqlarında onların da əvəzinə bu işi görməyə çalışan MÜƏLLİMLƏRƏ qarşı sanki qənim kəsiliblər. Tərbiyə yoxsulu olan övladlarına qulaqburması verilməsini, övladlarının onlar kimi deyil, cəmiyyətə yararlı əsl İNSAN, VİCDANLI AZƏRBAYCANLI kimi yetişməsi üçün əmək sərf edən, qanmaz gədələri insana çevirməyə çalışan müəllimləri hədəfə alırlar. Bu, həm də mənə düşünülmüş ssenari kimi gəlir. Sanki hansısa qüvvələr bu ölkədə müəllim nüfuzunun yerlə-bir edilməsi üçün var gücləri ilə çalışırlar.

Bəs müəllimlərin bu hala salınmasında günahkar kimdir? Zəmanəmi, sosial şəbəkə rüsvayçılığımı, evindən məktəbə yola saldığı övladına özündə olmayan tərbiyə və qanacaq verməkdə aciz olan başabəla “valideynlərmi”? Çətin sualdır, inanın cavabı paslanmış qıfıl kimi mücərrəddir...

Amma zənn edirəm ki, günahkar həm tik-toklarda, vatçaplarda baş girləyən, övlad tərbiyəsi nədir bilməyən “valideynlərin” yaşadığı bu cəmiyyətdir, həm zəmanədir, həm də öz müəlliminin nüfuzunu yüksəltmək üçün bir əməli tədbir görməyən, müəllim dəyərini cəmiyyətə tam aşılamaq imkanından uzaq olan nazirlik. Hamı günahkardır, hamı.

Niyə müəllim bu şəkildə bihörmət olunur, niyə bu rəzil durumla nüfuzdan salınır? Yuxarıda da dediyim kimi, sanki bir çox qüvvələr sosial şəbəkə imkanlarından yararlanıb, Qarabağda zəfər qazanan bir xalqı öz müəllimini hörmətdən salmaqla “cəzalandırırlar”. Sanki bu xalqın gələcəyini tamamilə məhv etmək üçün kimlərsə əl-ələ verib çalışırlar. Amma həm də müəllim adının, pedaqoji təhsilin və nizam-intizamın pis hala düşməsi də birdən-birə baş verməyib axı. Müəllimin hörmətsizləşdirilməsi onun özünə və ona olan münasibətdən irəli gəlir, tədrisin formallaşdırılıb müəllimliyin biznesə çevrilməsindən qaynaqlanır. Aldığı maaşla heç bir-iki həftə dolanmaq gücündə olmayan, özü bir yana, maddi sıxıntı üzündən evdəki övladlarının üzünə baxmağa utanan, tədris prosesini boş verib öz müəllimlik vicdanını repititor “peşəsinə” dəyişən müəllim necə ideal, sözü keçən ola bilər ki? Əgər müəllim öz biliyini məktəbdəki parta arxasında oturan şagirdlərinə deyil, evində açdığı mini məktəb-repititor skamyasında oturan uşaqlara sərf edirsə, demək, artıq məktəb təhsilindən, bilikli və tərbiyəli şagird yetişdirməkdən danışmaq utanc və mənasızdır. Hətta utanılacaq qədər mənasız! Gözünü imkanlı “dədələrin” məktəbə göndərdiyi tərbiyəsiz uşaqlarının cibinə dikən, maddi qarşılıq əvəzində vicdan əzabı ilə də olsa, onlara yalançı “əla” qiymətlər yazan müəllim, artıq MÜƏLLİM OLA BİLMƏZ, cənablar!

Bir vaxtlar məktəb dəhlizlərində görəndə özümüzü yığışdırdığımız, məktəbi bitirəndən sonra da yolda-izdə qarşımıza çıxanda utandığımızdan siqareti əlimizin içində söndürdüyümüz, daima hörməti və dəyəri qəlbimin baş köşəsində yer tutan o böyük MÜƏLLIM OBRAZI daha yoxdur. Daha yoxdur o böyük MÜƏLLİM, o son nəfəsini və müəllim şəxsiyyətini bu gün tik-toklarda, vatçaplarda boy atan biabırçı videolarda itirir. Qorxun ay camaat, “ölülər” gəlir, novruzəlilər qapını kəsdirib!...

Mətləb Salahov