Təhsil kreditini kimlər ala bilər? - EKSPERT AÇIQLADI

8 Fevral 2022 14:28 (UTC+04:00)

“Tələbə təhsil kreditini yalnız sosial həssas qrupa aid olan ailələr ala bilər. Bir də standart kredit növü var ki, bunu da akademik göstəriciləri yüksək olanlar ala bilər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, sosial həssas qrupa daxil olan tələbələr əsasən valideyninin birini itirmiş vətəndaşlardır: “Eyni zamanda dövlət tərəfindən hər iki valideyni təqaüd yaxud müavinət alan şəxslər də buraya daxildir. Standart kreditə isə akademik göstəriciləri 71 baldan yuxarı olan tələbələr aiddir. Digərləri isə sosial həssas qrupa şamildir. Bunun üçün isə Tələbə Kredit Fondunun saytına daxil olub, müvafiq tələb olunan sənədləri daxil edib daha sonra kreditlərini əldə edə bilərlər”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Hazırda 126 min 173 nəfər tələbə ödənişli əsaslarla təhsil alır ki, onlardan 80 min 930-u bakalavr, 10 min 851-i magistr, yerdə qalanlar isə subbakalavr üzrə təhsil alırlar. Yəni, onlar kollec tələbəsidir.

Qeyd edim ki, Təhsil Kredit Fondundan kredit götürə biləcək şəxslərin sayı 56 min 208 nəfərdir”.

Ayşən Vəli