“Son 20-30 il ərzində bütün ölkələrdə şəkərli diabet xəstələrinin sayı dayanmadan artır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur. Statistik məlumatlar göstərir ki, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır”. SİA xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva deyib.

Onun sözlərinə görə, dünya ölkələrinin çoxunda şəkərli diabet bilavasitə ölüm səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur: “Bu xəstəlik vaxtında müalicə olunmayanda, vaxtında profilaktiki tədbirlər görülməyəndə, çox ciddi fəsadlar törədir. Sirr deyil ki, şəkərli diabet insan orqanizminin bütün toxuma, orqanlar və sistemlərinə mənfi təsir göstərir. Bu fakt həm kompensasiyalı və həm də dekompensasiyalı xəstələrə aiddir.
Şəkərli diabet xəstələri COVİD-19-a qarşı peyvəndləmə kompaniyasında fəal iştirak etməlidirlər. İlk növbədə endokrinoloqun qəbulundan keçib, tam müayinə olunub və kompensasiya dövründə COVID-19 peyvəndi vurdurmalıdır. Planlı şəkildə hər şəkərli diabet xəstələri 6 aydan bir həkim-endokrinoloqun qəbulunda olmalıdırlar. “Check-Up” müayinə keçəndən sonra həkim qərar verir ki, pasient ikinci dozanı və yaxud “buster” dozanı vura bilər, yoxsa yox.
COVID-19-un “Omicron” variantı sürətlə bütün dünyada yayılır. Bunu nəzərə alaraq, kompensasiya dövründə olan şəkərli diabet xəstələri mütləq ikinci dozadan və yaxud xəstələnib sağaldıqdan 5 ay sonra üçüncü doza ilə peyvənd olunmalıdırlar. Qeyd edim ki, peyvəndin ikinci dozasından sonra 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevral ayının 15-dən sonra etibarlı hesab edilməyəcək”.