Dövlət Gömrük Komitəsi TXİ-nin nümayəndələri simpoziumda iştirak ediblər

7 Fevral 2022 17:17 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini dosent İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova 7 fevral 2022-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə "Təcili tibbi yardım sistemi və akademik tədrisdə təcili tibb” mövzusunda keçirilən simpoziumda iştirak ediblər.

İlk öncə şəhidlərimizin xatirəsi anılıb və dövlət himni səsləndirilib. Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı və digər rəsmi nümayəndələr çıxış ediblər. Çıxışlarda son dövrlərdə Azərbaycanın səhiyyə sistemində aparılan islahatların uğurlu nəticələri, insanlara göstərilən ilkin tibbi xidmətin yaxşılaşdırılması istiqamətində görülən işlər, təcili yardım sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və Təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsi çərçivəsində keçiriləcək kurslar barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.f.d., dosent İsmayıl Əfəndiyev Təcili tibbi yardım sisteminin gücləndirilməsi həftəsi çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib və mövzu üzrə sualını spikerlərə yönləndirib. Təqdimatlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.