"Antalya forumu uzun müddətdən sonra Türkiyə ərazisinə Ermənistanın hökumət üzvlərinin səfər etməsi ilə yadda qalacaq". Bunu SİA-ya açıqlamasında Bakı Politoloqlar klubunun rəhbəri Zaur Məmmədov deyib.
Z.Məmmədov qeyd edib ki, Ermənistan və Türkiyə arasında açıq təmaslar Davos Forumu çərçivəsində keçirilən görüşdən sonra yaranıb: "Davos Forumunda danışılan mövzular yarımcıq qalmışdı. Çünki burada Qarabağ mövzusu həllini tapmamışdı. Azərbaycan torpaqları işğal altında idi. Bu gün Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə arasında yeni səhifə açılıb. Bu konteksdə Antalya forumunda Paşinyanın və nazirlərdən birinin səfər etməsi ilə bağlı anlaşma var. Sözsüz ki, bu, Türkiyə-Ermənistan münasibətlərinə və Türkiyə-Azərbaycan münasibətlərinə müsbət mənada təsir edəcəkdir. Ümumiyyətlə, Türkiyə və Ermənistan arasında eyni zamanda Azərbaycan və Ermənistan arasında artıq birbaşa təmas var. Bu isə aparılan danışıqları daha effektiv edir. Çünki üçüncü ölkələr bəzən danışıqlarda maneçilik törədir və ya öz maraqlarını güdürlər. Üçüncü tərəfin moderatorluğu ilə mühüm görüşlər baş tutub. İndiki məqamda təbii ki, Azərbaycan və Ermənistan arasında yeni səhifə açılmasının şahidi oluruq. Bundan başqa İstanbul və İrəvan arasında aviareyslərin baş tutması da Ermənistan və Türkiyə münasibətlərinin düzəlməsinin göstəricisidir".
Bakı Politoloqlar klubunun rəhbəri qeyd edib ki, Ermənistan Qarabağ iddialarından əl çəkdiyi təqdirdə tədricən əlaqələr düzələcəkdir: "Ermənistandan yenidən Azərbaycan torpaqları ilə bağlı saxta iddialar görsək, o zaman bu ikitərəfli münasibətlərə və yeni reallığa zərbə olacaqdır. Belə olduğu təqdirdə Ermənistan cəzalanacaqdır. Əgər, Ermənistan cəzalanmağımı istəmirsə, yeni reallığı qəbul etməli və yeni münasibətlərin qurulmasına istəkli olmalı, eyni zamanda maraqlı tərəf kimi görülməlidir. Əgər Ermənistan tərəfi yeni reallığı qəbul etməzsə, yeni reallıqla bağlı ikibaşlı oynayarsa, bu İrəvan üçün heç də yaxşı nəticələnməyəcək. Hər halda Antalya forumu yeni diplomatiyaların qurulması üçün vacibdir. Düşürəm ki, müsbət irəliləyişlər əldə ediləcəkdir".