"Ailə Məcəlləsinin 64-cü, 65 və 68 –ci maddələrinə əsasən valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə və ya məhdudlaşdırıla bilərlər". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Uşaqları İctimai Birliyinin hüquqşünası Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideynlik hüququndan məhrum olunma baş verir: "Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur. Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.
Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan biri) ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir".
Ayşən Vəli