Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Xan Şuşinski - biblioqrafiya" kitabının geniş təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov rəhbərlik etdiyi qurumun "Şuşa ili" çərçivəsində keçirəcəyi layihələrin əhəmiyyətindən danışıb.
Daha sonra mədəniyyət naziri Anar Kərimov "Şuşa ili" və bu illə bağlı görüləcək işlərdən bəhs edib. Nazir həmçinin il ərzində “Şuşa ili” ilə əlaqədar tədbirlər planının hazırlandığını da vurğulayıb.
"Qarabağa kitabla gedək" layihəsindən danışan nazir layihənin daha da geniş vüsət alacağını qeyd edib.
Akademik Nizami Cəfərov isə ümumən Şuşanın mədəniyyət paytaxtı kimi səciyyəsini vurğulayıb: "Önəmli olan Suşanın mədəniyyət paytaxtı kimi dərk olunmasıdır. Şuşa bizim yeni dövr mədəniyyətimizin ən qiymətli şəhərlərindən biridir".
"Başda cənab Ali Baş Komandan olmaqla, müharibənin bütün iştirakçılarına, qazilərimizə, şəhidlərimizə ömür boyu minnətdar olacağıq" - deyən Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva mədəniyyət paytaxtı Şuşanın və eləcə də Qarabağın azad olunmasında onların xidmətinin əvəzsiz olduğunu qeyd edib.
Xan Şuşinski Fondunun rəhbəri, sənətkarın qızı Bəyimxanım Verdiyeva-Cavanşirova isə tədbirin əhəmiyyətindən bəhs edərək təşkilatçılığa görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Təqdimat Milli Kitabxananın kitab sərgisinin nümayişi ilə davam etdirilib.
Ayşən Vəli