"Bu problemlər ondan doğur ki, biz hələ sosial sahələrdə lazımlı və vacib olan işləri görmürük. Məsələn, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı fəaliyyət proqramları, yol xəritələri hazırlanır, həyata keçirilir. Bütün bunların nəticəsini də görürük. Amma sosial sahələrdə də bu işlər görülməlidir. Təəssüf ki, o işlərə başlamamışıq. Ona görə də belə məsələlər baş verir. Təkcə dayələrlə deyil, elə xeyli ailələrdə, cəmiyyətimizdə buna oxşar problemlər var. Onlar hamısı bir-biri ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, bu məsələdə əhaliyə kömək etmək lazımdır: "Xüsusi bürolar olmalıdır və təşkilatlar yaradıla bilər. Bunu həm dövlət, həm ictimai təşkilatlar, həm də Qeyri-Hökumət Təşkilatları da yarada bilər. Orada dayəlik öyrənmək istəyən adamlar 3 aylıq kurs keçə bilər. O 3 aylıq kurs nəticəsində onlara uşaqlara baxmaq, dayəlik etməyin bütün sirlərini öyrənə və sertifikat ala bilərlər".
Əhməd Qəşəmoğlu sözlərinə belə davam edib: "İnsanlar evə dayə dəvət edəndə küçədən təsadüf adamı seçməməlidirlər. Büroya zəng edilməli, büro ilə müqavilə bağlanmalı və o bürodan onların tövsiyəsi ilə dayəni qəbul edərlər. Çünki küçədən qəbul olunmuş dayə təhlükəlidir. Onun cinayətkar olmadığı, hər hansı keçici xəstəliyi və s. məlum deyil. Amma o 3 ay kurslara gedib sertifikat aldıqdan sonra təşkilat onu yaxından tanıyacaq, maraqlanacaq ki, bu adam kimdir".
Əhməd Qəşəmoğlu sözlərinə belə davam edib: "Amma bəlkə bunda bir şizofreniya xəstəliyi var. Elə adamlar birdən qızışanda öz uşaqlarını da boğurlar. Bu, ona görə çox təhlükəlidir. Beləliklə, cəmiyyətimizdə indi xeyli təşkilatlar yaranmalıdır. Bu, gələcəyin işidir. Amma bu gün dayələri evə qəbul edəndə onlar haqqında çox geniş məlumat əldə etmək lazımdır. Əvvəl harada çalışıb, nə işin sahibidir, özü ilə ətraflı söhbət etmək olar, evini-eşiyini tanımaq olar. Yəni, təsadüf adama elə qapıdan girdi bir uşağı tapşırmaq olmaz.
Valideynlər xeyli dərəcədə diqqətli olmalıdır. O dayənin bütün xarakteri barədə gücləri çatan qədər məlumat əldə etməlidirlər. Amma dediyim kimi, tezliklə mənim təklif etdiyim təşkilatlar yaranmalıdır. Təəssüf ki, 15 ildir mən bunu təklif edirəm. Bu təşkilatlar hələ yaranmayıb. O təşkilatlarda müxtəlif sahələrdə insanlar hazırlana bilər. Orada bağbanlar, sürücülər, evdə qocalara, xəstələrə baxan insanlar hazırlana bilər.
Dayələrə təcili yardım məsələsi ilə bağlı bir çox şeyləri də öyrətmək lazımdır. Çünki uşaqdır, evdə birdən boğula bilir, dili boğazında qatlanır, belə şeylər olur nə isə yanğın olur, üstünə su tökülür. Dayə təcili olaraq o işlərin hamısını bilməlidir. Yəni, məlahətli səslə danışan bir adamdırsa, o demək deyil ki, ondan dayə çıxar. Ona görə bu istiqamətdə görüləsi işlərimiz çoxdur".
Ayşən Vəli