"Koronavirusa qarşı etirazlar nəzarətdən çıxıb"

7 Fevral 2022 02:49 (UTC+04:00)

“Kanadanın paytaxtı Ottava şəhərində koronavirusa qarşı etirazlar nəzarətdən çıxıb”.

SIA xəbər verir ki, bu sözləri şəhər meri Cim Uotson 580 CFRA radiostansiyasının efirində bildirib.

Yük maşını sürücülərinin yanvarın 29-dan başlatdıqları aksiyaya müdaxilə etmək mümkün deyil.

Uotson əlavə edib ki, bu vəziyyətlə bağlı federal və əyalət orqanları ilə daim əlaqə saxlanılır. O qeyd edib ki, hələlik hərbçilərin cəlb edilməsindən söhbət getmir, lakin o, bu məsələyə baxıla biləcəyini də istisna etməyib.

Polis rəisi Peter Sloli də fevralın 5-də nümayişi dayandırmaq üçün işçi qüvvəsinin olmadığını etiraf edib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, başqa şəhərlərdən gələn vətəndaşlar da aksiyaya qoşulduqdan sonra etirazçıların sayı 5 minə çatıb.

İndiyə qədər aksiya iştirakçılarından 7 nəfər saxlanılıb.

Nümayişçilər hakimiyyət orqanlarından pandemiya ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmağı tələb edirlər.

Baş nazir Castin Trüdo və ailəsi təhlükəsizlik səbəbiylə yanvarın 29-da paytaxtdakı iqamətgahını tərk edib və bazar ertəsi koronavirusa yoluxduqlarını açıqlayıb.