Gənclər üçün KÖNÜLLÜLÜK NƏDİR? - SORĞU

4 Fevral 2022 17:49 (UTC+04:00)

Son zamanlarda ölkəmizdə könüllülük sahədə gənclərimiz fəaliyyət göstərir. Bu gün ölkəmizdə könüllü fəaliyyətinin təşkilini və həyata keçirilməsini təmin edən bir sıra dövlət orqanları, qeyri-hökumət təşkilatları, yerli özünüidarə orqanları var. Könüllülük indiki sosial problemləri həll etmək üçün, yaşadığımız cəmiyyət üçün çox faydalıdır. Azərbaycan gəncləri bu gün bir sıra qurumlarda, QHT-lərdə könüllü olaraq öz fəaliyyətini davam etdirirlər və bir sıra sahələr üzrə təcrübə qazanırlar. Bəs, könüllülər bu haqda nə düşünürlər?

SİA mövzu ilə bağlı könüllülər arasında sorğu keçirib:

"Davam" Gənclər Hərəkatının üzvü Əhmədağa Babaşov: "Hər kəsə məlumdur ki, ölkəmizdə könüllülük hərəkatı geniş vüsət alıb. Dövlət tərəfindən gənclərin inkişafı üçün hər cür şərait yaradılıb. Bu, cənab Prezidentimiz İlham Əliyevin gənclərə olan inam və güvəninin göstəricisidir. Biz də Azərbaycan gəncləri olaraq daim ölkəmizi beynəlxalq inteqrasiya prosesində layiqincə təmsil edirik. Öz növbəmdə mən də artıq 1 ildən çoxdur ki, müxtəlif qurumlarda könüllü kimi fəaliyyət göstərirəm və düşünürəm ki, könüllülük fəaliyyəti hər bir gənc üçün yeni imkanlardan istifadə etmək üçün önəmli fürsətdir. "Davam" Gənclər Hərəkatının üzvü olaraq davamçı bir gənc kimi hər daim inkişafyönümlü layihələrin iştirakçısı olub bir kadr kimi formalaşma prosesində iştirak edirəm və gəncləri də bu prosesdə aktiv olmağa çağırıram".

DOST Agentliyinin könüllüsü Zərintac Maisqızı: "Tələbəlik həyatımı sadəcə dərsə yox aktiv fəaliyyətə də sərf etdim. Çünki, sadəcə dərslər insana kifayət etmir. Dünyagörüşün artımı, təcrübə üçün aktivlik, könüllülük hər bir gəncə böyük töhfələr verir. Mən ixtisasımla yanaşı, sosial sahələrdə də könüllü olmuşam. DOST Agentliyində, Bir könüllü, məktəblinin dostu, xeyli sayda tədbir və seminarlarda iştirak etmişəm. Könüllülük fəaliyyətim mənim ən gözəl vaxtlarım olub. Unudulmaz, gözəl xatirələr toplamışam. Yeni dostlar, yeni təcrübələr, fərqli mühitlər, əyləncəli və maarifləndirici mühitlər əldə etdim. Bütün bunlara görə özümü çox şanslı hiss edirəm. Dost Agentliyində işimə görə yüksək dərəcəli sertifikat aldım. "Şərq" qəzetində də könüllü müxbir kimi sertifikata layiq görüldüm.

Könüllülük dönəmlərimdə qonorarlar, maaş, çoxlu sayda sertifikat qazanmışam. Çox şey danışa bilərəm. O qədər gözəl, maraqlı bol xatirələr var ki. Qazandıqlarıma hər baxanda, hər düşünəndə qürur hissi yaşayıram. Bütün gənclərə tövsiyəm könüllülk deyəndə o mənə nə verəcək ki düşünməsinlər. Könüllülük gənclik üçün hər şey deməkdir, bizə təcrübə, bilik və yeni tanışlıqlar qazandırır".

Dövlət Gömrük Komitəsinin könüllüsü Sona Zeynallı: "İlk təcrübəm 2 ay müddətində "ASAN" Xidmətdə olmuşdu. Vətəndaşlarla işləyir, əməkdaşlara vətəndaşların problemlərini həll etməkdə köməklik göstərirdik. Bunun nəticəsində ünsiyyət qabiliyyətimiz, analitik bacarıqlarımız daha da inkişaf etdi. Könüllülük fəaliyyəti həmçinin bizim sosiallaşmağımızda da böyük rol oynayır. Yeni insanlar tanıyırıq, ətrafımız genişlənir. Digər könüllülük fəaliyyətim isə Bakı Baş Gömrük İdarəsində olmuşdu. Gömrükçülərə ləyaqətli vəzifələrini yerinə yetirməklərində kömək etdik, iş rejimi ilə tanış olduq və yeni insanlar tanıdıq. Ümumi olaraq deyə bilərəm ki, könüllülük fəaliyyəti bizim şəxsiyyət kimi formalaşmağımızda, həyatda öz yerimizi tapmağımızda ən böyük faktoru. Fərqli-fərqli mühit görüb bizim üçün ən uyğununu seçə bilərik".

"ASAN" Xidmət könüllüsü Raul Gülməmmədov: "ASAN" könüllüsü olmaq çox yaxşı bir hissdir. Könüllü olmaq yeni insanlarla tanış olmaq, hər bir tədbirdə iştrak etmək, yeni biliklərə öyrənmək deməkdir. "ASAN" Xidmət mənə bir neçə dərs verib. Könüllü olduğuma görə çox şadam. Könüllü olmağı hər kəsə məsləhət görürəm".

"Davam" Gənclər Hərəkatının üzvü Lalə Quliyeva: "Mənim fikrimcə, könüllülük gələcək karyeramda qazanacağım uğur üçün açılan bir cığırdır. Uzun müddətdir ki, "Davam" Gənclər Hərəkatında təcrübəçi kimi fəaliyyət göstərirəm və bu vaxt ərzində burada kifayət qədər təcrübə əldə etmişəm. "Davam"ın üzvü olmaq mənə yeni dostlar, müxtəlif bacarıqlar, əyləncə dolu anlar qazandırdı. Bununla yanaşı özüm və edə biləcəklərimlə bağlı inamımın daha da artmasına səbəb oldu. Gənclərə könüllülük fəaliyyətində aktiv olmalarını tövsiyə edirəm. Bununla da fəaliyyətin müsbət cəhətlərini əyani olaraq görəcəklər".

Miqrasiya könüllüsü Zəhra Rəhimli: "Könüllü olmaq könüldən gəlir. Bu fikirlə həqiqətən də razıyam. Mənim könüllülük təcrübəm ilk dəfə NAYORA-da, yəni Azərbaycan Tələbə Gənclər Təşkilatlarının Milli Şurasından başladı. NAYORA-da könüllü olduğum müddətdə həqiqətən də sosiallaşdım. Yeni dostlar qazandım, xeyli inkişaf etdim. Mən deyərdim ki, hər bir gənc mütləq ki, bir dəfə də olsa könüllü olmalıdır. Bu hissi yaşamalıdır. Çünki, təcrübə toplayıb, inkişaf etmək mütləq lazımdır. NAYORA-dan sonra 2-ci könüllülük ünvanım Miqrasiya Könüllüsü İctimai Birliyi oldu. Müxtəlif təlimlərdə, tədbirlərdə iştiraketmə imkanım yarandı. Bu gün sosial, inkişafda və ən əsası özgüvənli fərdəmsə, bunda könüllü-təcrübə proqramlarının da payı var".

"ASAN" Xidmət könüllüsü Orxan Qayıbov: "Könüllülük mənə yeni dostlar və unudulmaz xatirələr qazandırdı. Bütün iştirak etdiyim tədbirlər, təlimlər və layihələr mənə yeni biliklər və təcrübə əldə etməyimə kömək etdi. "ASAN" könüllüləri, MEDİA könüllüləri, ASV könüllüləri - bütün bu təşkilatlara, rəhbərlik üzvlərinə və ən əsası mənimlə birlikdə könüllülük yoluna qədəm qoyan bütün gənclərə təşəkkür edirəm".

Arzu Qurbanzadə