Qış Olimpiya Oyunlarında 2 idmançımız iştirak edəcək - QURUM RƏSMİSİ AÇIQLADI

4 Fevral 2022 17:59 (UTC+04:00)

“Bu gün Çinin paytaxtı Pekində növbəti Qış Olimpiya Oyunlarına start verilib. Azərbaycan bu açılış mərasimində 42-ci nümayəndə heyəti olaraq iştirak edir. Fiqurlu kankisürmə üzrə iki idmançımız iştirak edir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin nəzdində cənab nazirin iştirakı ilə Qış Olimpiya Oyunlar Federasiyası yeni qeydiyyatdan keçirilib: "Ümidvarıq ki, növbəti Qış Olimpiya Oyunlarında Azərbaycan daha böyük nümayəndə heyəti ilə təmsil olunacaq. İqliminə görə ölkəmizdə qış idman növləri bir o qədər inkişaf etməsə də, lakin işğaldan azad olunmuş torpaqlarımızda xüsusilə yüksək dağlıq ərazilərdə qar və soyuq hava şəraiti xizək, biatlon idman növünün inkişafına şərait yaradacaq. Bu yaxınlarda qış idman növünə aid olan Polo idman sahəsi üzrə Azərbaycan İsveçrədə dünya kubokunda qalib olmuşdu.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin konsepsiyasında gələcəkdə olimpiya, paraolimpiya və Qış Olimpiya idman növlərinin inkişaf etdirilməsi əsas götürülür. Ümid edirik ki, idmançılarımız final mərhələsinə vəsiqə qazanacaqlar. Ölkəmizi təmsil edən hər bir idmançımıza uğurlar arzu edirik. Düşünürük ki, növbəti olimpiyalarda da uğurlarımız və iştirakçılarımızın sayı çoxluq təşkil edəcək”.