“Təəssüflər olsun ki, dərsdə hələ də ləhcə ilə danışan müəllimlər var. Ümumilikdə bununla bağlı hər hansı bir ciddi qadağalar yoxdur. Hesab edirəm ki, müəllimlər dərsi ədəbi dil qaydalarına və ədəbi dil normalarına uyğun şəkildə tədris etməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, beləliklə, təhsil alanlarda ədəbi dilin inkişafı təmin olunmalıdır: “Azərbaycanda hər bölgənin demək olar ki, öz ləhcəsi var və ləhcə ilə danışan xeyli sayda müəllimlərimiz də az deyil. Bu, hər zaman olub. Doğrusu, insanlar var ki, ləhcədən kənara çıxa bilmirlər”.
Bilirsiniz ki, müəllimlərin işə qəbulunu Təhsil Nazirliyi həyata keçirir və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbul imtahanında yalnız müəllimlərin nəzəri bilikləri imtahan vasitəsilə ölçülür. Yəni, ləhcə ilə bağlı hər hansı bir imtahan yoxdur. Beləliklə də, müəllimlərin yalnız bilikləri ölçülür.
Düşünürəm ki, ləhcə ilə bağlı yazılı qaydalar və tələblər olmasa belə, müəllim mümkün qədər ləhcədən uzaq olmalıdır. Eyni zamanda, şagirdlərə də bunu aşılamalıdır. Şagirdlər Azərbaycan dilini ləhcə ilə deyil, ədəbi dil qaydalarına uyğun şəkildə öyrənməlidirlər. Bu da birmənalı olaraq müəllimin vəzifəsidir”.
Ayşən Vəli