Saatlar irəliləyir, günlər gedir, vaxt və səbr isə daralır!

4 Fevral 2022 11:25 (UTC+04:00)

İrəvan mövcud fəaliyyəti ilə Bakı üçün güc yolundan başqa ayrı seçim də qoymur

Ermənistanın Azərbaycanla dəqiqləşdirilməmiş sərhədlər boyunca qeyri-müəyyən davranışlar nümayiş etdirməsi və delimitasiya-demarkasiya prosesini uzatması, əsasən də, heç bir məntiqi, əsası olmayan “güzgüvarı geriyəçəkilmə” tipli “şərtlər” irəli sürməsi artıq Bakını düşünməyə vadar etməyə başlayıb. Açığını desək, belə bir mühitin mövcudluğu və İrəvan tərəfindən günü-gündən daha çox səslənməsi sərhəddə yeni eskalasiyanın yaranması ehtimallarını kifayət qədər artırmış olur. Beləliklə, fakt budur ki, Ermənistanın həm müxalifət, həm də hakimiyyət ekspertlər cəmiyyətləri köhnə yolla getməkdə davam edirlər: bu yol isə sözügedən prosesi – delimitasiya və demarkasiya prosesini dolaşığa salmaq və bu minvalla vaxt qazanmaq cəhdləridir.

Fakt budur ki, Rusiya, Türkiyə öz yerində, eləcə də ABŞ və Avropa İttifaqı kommunikasiyaların açılması tələbi ilə yaxından tanış olduqdan sonra öz mövqelərini açıqladılar

Qeyd edək ki, 44 günlük müharibədən sonrakı il yarım ərzində erməni tərəfinin prosesi dolaşığa salmaq və nəyəsə ümid edərək vaxt qazanmaq cəhdləri əslində İrəvan üçün daha çox problemlər yaratmağa başladıb. Ermənistan ümid edirdi ki, sərhədlərin blokadadan çıxarılması, nəqliyyat dəhlizinin açılması məsələsində ən azı havadarlarından dəstəklər alaraq bu vasitə ilə öz səmərəsinə uyğun qazanclar əldə edə biləcək. Amma belə olmadı. Fakt budur ki, Rusiya, Türkiyə öz yerində, eləcə də ABŞ və Avropa İttifaqı kommunikasiyaların açılması tələbi ilə yaxından tanış olduqdan sonra öz mövqelərini açıqladılar. Demək olar ki, bütün cinahlar sərhədlərin açılması və blokadadan çıxarılmasına müsbət yanaşırlar və hər kəs sərhədlərdə prosesin başlanmasını istəyir. O cümlədən, qeyd edilənlərlə yanaşı, bu gün erməni tərəfinin Qarabağın “statusu” iddiaları, ümumiyyətlə, müzakirə obyektinə çevrilmir – Bakı üçün bu mövzu qapanıb və Azərbaycan tərəfi öz qətiyyətli bəyanatını verib, bu məsələyə yenidən geri dönməyin əhəmiyyəti yoxdur, ola da bilməz.

Təbii ki, belə yanaşmalar İrəvanın düşdüyü məngənənin dişlərini daha bərk sıxacaq...

Lakin diqqət çəkən nüanslardan biri də budur ki, son iki ayda region ətrafında situasiya elə dəyişilib ki, əgər Ermənistan gələcək transformasiyaların dərinliklərini anlaya bilməzsə, demək, reallıqlardan kənarda qalmalı olacaq. Bu gün Ermənistan rəhbərliyi, məhz bu yanşmada qalmaqda davam edirlər. Təbii ki belə yanaşmalar İrəvanın düşdüyü məngənənin dişlərini daha bərk sıxacaq...

Hazırda dünyanın diqqəti Rusiya-Qərb proseslərinə tərəf yönəlsə də, Cənubi Qafqaz regionu da yaddan çıxmayıb. Üstəlik, belə bir nəticəyə də gəlmək olar ki, Azərbaycan Rusiya-Qərb qarşıdurmasının hansı sonluqla bitəcəyini gözləyir və müvafiq planlarını icra etməsi üçün hər an növbəti qətiyyətli addımlarına gedə bilər. Amma indi Qarabağ regionunun işğaldan azad edilmiş ərazilərində kütləvi bərpa-inşaat işləri həyata keçirilir, hətta beynəlxalq statuslu hava limanları tikilir, üstəlik, sərhəddə yeni Hidroelektrik stansiyalarının da inşasına başlanacaq ki, bu da Qarabağın su resurslarının istifadəsində rasional imkanlar yaradacaq. Yəni Azərbaycan heç bir halda itirmir və yalnız qazanır.

Ermənistan özünün təhlükəsizliyinin pozulması faktorunu açıq saxlayır

Bütün bu reallıqları görə-görə hələ də delimitasiya-demarkasiya, sərhədlərin blokadadan çıxarılması, nəqliyyat infrastrukturlarının açılması proseslərini israrla uzadan, əlavə olaraq sərsəm şərtlər irəli sürən Ermənistan özünün təhlükəsizliyinin pozulması faktorunu açıq saxlayır. İrəvan mövcud fəaliyyəti ilə Bakı üçün güc yolundan başqa ayrı seçim də qoymur. Ermənistan anlamalıdır ki:

- ya mövcud situasiyada qarşılıqlı olaraq və ərazi bütövlüyü çərçivəsində sərhədləri tanımalı;

- ya da ki, situasiyanı eskalaşdırmaqla, yəni dalana dirəməklə, gərginləşdirməklə özünü məhvetmə vəziyyətinə sesükləməli;

- yaxud, Bakı güc tətbiq etməsi ilə yanaşı, Qarabağdakı separatçıları tamamilə ərazilərimizdən rədd etmək planını işə salmalı, Ermənistanla sərhədləri güc yolu ilə müəyyən edib Ermənistandan Qarabağa gedən bütün yolları tamamilə ayırmaqla blokadaya salmalı;

Görünür, İrəvan məhz hadisələrin məhz həmin istiqamətdə davam etməsini istəyir ki, beynəlxalq aləm qarşısında özünü “məzlum” kimi göstərsin, Azərbaycana qarşı müxtəlif sanksiyaların irəli sürülməsinə nail olsun. Amma Ermənistan unudur ki, Azərbaycan torpaqlarını 30 il boyunca işğala məruz qoyarkən və Bakı öz gücü ilə əzəli torpaqlarını azad edərkən heç bir sanksiya ilə üzləşmədi, çünki qanun və hüquq Azərbaycanın tərəfində idi. Bu dəfə də belə olacağına isə İrəvan qətiyyən şübhə etməməlidir. Saatlar irəliləyir, günlər gedir, vaxt və səbr isə daralır!

Rövşən RƏSULOV