Azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir - TƏHLİL

3 Fevral 2022 16:40 (UTC+04:00)

İdeoloji əsaslar müstəqil, suveren dövlətin formalaşmasında atribut və rəmzlər qədər xüsusi əhəmiyyət kəsb edir. Müstəqil, suveren dövlət olaraq Azərbaycanın da inkişafını, tərəqqisini milli ideologiyaya əsaslanan siyasət təmin edir və məhz bu səbəbdən də həmin siyasət uğurla davam etdirilməkdədir. Azərbaycan xalqının dəyərləri, bizi birləşdirən ali dəyərlər məhz azərbaycançılıq ideologiyasının əsasını təşkil edir, hansıki bu dəyərlərin qlobal inteqrasiya prosesində dünyaya təqdim edilməsi, eləcə də mütərəqqi dünya dəyərləri ilə üzvi sintezi ən ümdə məqsədlərdən sayılır.

Azərbaycançılıq idealogiyasını Ulu Öndər Heydər Əliyev ümummilli ideologiyaya çevə bilib və uzun illərin sınağından çıxan bu ideoloji xətt müstəqilliyin qorunmasında dövlətçiliyin əsas dayağına çevrilib. Ona görə ki, azərbaycançılıq ideologiyası bizə vətənpərvərliklə yanaşı, milli maraqların qorunmasını da aşılayır və bizi bu yolda birləşdirir. Birləşdiyimiz zaman isə həmrəylik, birlik daha da möhkəmlənir və gücümüzü, qüvvəmizi artırır. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, deyən Ümummilli Lider Heydər Əliyev hər bir vətəndaşımıza azərbaycanlı olmağın şərəfli olması ilə yanaşı məsuliyyətini də xatırladıb. Hazırda dünya azərbaycanlılarının birliyi istiqamətində, diaspora quruculuğunda əldə etdiyimiz nailiyyətlərimiz də, göründüyü kimi, əbəs yerə, yaxud təsadüfi deyil.

Ölkə daxilində, yaxud ölkə hüdudlarından kənarda Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, dövlətimizin inkişafı, tərəqqisi üçün əlindən gələni əsirgəməyən, bunun üçün çalışan və faəliyyət göstərən hər kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Ölkənin müxtəlif yerlərində, eləcə də ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar bu ideologiyanın daşıyıcısı olduqları üçün birliyimiz özünü göstərə bilir və nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə, işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsində, ərazi bütövlüyümüzün təmin edilməsində, tarixi ədalətin bərpasında, Azərbaycanın milli maraqlarının təmin edilməsində bu birliyin xüsusi payı var.

Xatırladığımız kimi, siyasi danışıqların nəticə vermədiyi səbəbindən düz 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi yolla bunu reallaşdırmaq qərarına gəlindiyi zaman xalqımız birləşərək, bir yumruğa çevrildi. Döyüş meydanında düşmənin başını əzən, işğalçıları torpaqlarımızı tərk etməyə məcbur edən, onları torpaqlarımızdan qovan bu yumruğa haqlı olaraq dəmir yumruq deyildi. Deməli, birliyimiz dəmir yumruğa çevrildi və Ali Baş Komandanın rəhbərliyi, siyasi iradəsi, uzaqgörənliyi ilə düşmən üzərində qələbələrimizə imza atdıq. Bu birliyimiz isə sözsüz ki, azərbaycançılıq ideologiyası, milli maraqların, dövlətçilik maraqlarının qorunması üçün xüsusi rol oynadı və 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz təmin edildi. Ölkə daxlində, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideologiyası ətrafında birləşməsi nəticəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq, terror, soyqırım siyasətinə son qoyuldu, həmçinin ermənilərin uydurma ərazi iddialarının əsassız olduğu təsdiqləndi.

Bütün dünya ictimaiyyəti Azərbaycan xalqının birliyini məhz 44 günlük müharibə dönəmində müşahidə etdi və bu birliyə əmin oldu. Əmin oldu ki, Azərbaycan xalqı öz müqəddəratını öz birliyi ilə, həmrəyliyi ilə, yəni, məhz azərbaycançılıq ideologiyası ilə təyin edə, öz problemlərini həll edə, öz ərazi bütövlüyünü, öz suverenliyini qoruya bilir. Artıq azərbaycançılıq ideologiyası sayəsində birliyimizi və bu birlik sayəsində gücümüzü bütün dünya gördü.

Dünya ictimaiyyəti ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın da bu ideologiyaya, azərbaycançılıq ideologiyasına sadiqliyini müşahidə etdi və əmin oldu ki, xalqımızın, dövlətimizin maraqlarının qorunması harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün ən ümdə vəzifədir. Dünyanın müxtəlif ölkələrində, şəhərlərində yaşayan azərbaycanlı soydaşlarımızın istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonrakı dönəmdə xalqımızın, dövlətimizin haqlı olduğunu müdafiə etmələri üçün mübarizəyə qoşuduğunu da hər kəs gördü. Xarici ölkələrdə yaşayan soydaşlarımız yaşadıqları ölkədə doğma Azərbaycanla, Azərbaycan xalqı ilə həmfikir, həmrəy olduqlarını, milli maraqlarımızı dəstəklədiklərini hər addımda göstərdilər, milli maraqlarımıza toxunan hərhansı məqama qarşı haqq səslərini ucaltdılar, mübarizəyə qalxdılar və bunun üçün də birlik nümayiş etdirdilər. Məhz azərbaycançılıq ideologiyası bundan ibarətdir və bu ideologiya Azərbaycan xalqını, Azərbaycanı özünə düşmən hesab edənlər üçün böyük bir mesajdır.

Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyasına, azərbaycançılıq məfkurəsinə hazırda cənab Prezident İlham Əliyev böyük önəm verir və haqlı olaraq bu, dövlətçiliyimizin ideoloji dayağı hesab edilir. Çünki, ilk növbədə azərbaycançılıq ideologiyasının əsasını xalqımızın milli maraqları və dövlətçilik maraqları təşkil edir. Nəticə etibarı ilə azərbaycançılıq ideologiyası Azərbaycanın gücünün artması, daha güclü Azərbaycan dövləti anlamına gəlir. Məhz bu baxımdan hər birimiz azərbaycançılıq ideolojiyasının daşıyıcıları olmalı, bu ideologiyaya sadiq olmalı, Azərbaycan naminə öz səy və bacarıqlarımızı əsirgəməməli, fəaliyyət göstərməliyik. Çünki, Azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir.

İnam Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.