İdman insan həyatında əvəzsiz rol oynayır -MƏŞQÇİ AÇIQLADI

3 Fevral 2022 14:03 (UTC+04:00)

“İdman, ilk növbədə, orqanizmi sağlam şəkildə saxlamaq üçün əsas faktordu. İdman məcburi olmasa da, hər bir insan gündəlik həyatında rutin formasında idmanla məşğul olmalıdı”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Strongman Federasiyasının məşqçisi Tuncay Almuradlı bildirib.

Onun sözlərinə görə, bugünkü zamanda insanların ən aktual problemi artıq çəkidən azad olmaqdı: “Zala yaxınlaşan 10 nəfərdən 7-si artıq çəkidən azad olmaq üçün idmanla məşğul olur. Hər bir şəxs müxtəlif səbəblərdən idmanla maraqlanır. Bəziləri artıq çəkidən azad olmaq, bəziləri yarışlar, bəziləri isə sırf sağlamlıqları üçün idmanla məşğul olurlar. Bununla yanaşı, elələri var ki, bədənlərini formaya salmaq və ideal bədən proporsiyonunu əldə etmək üçün idmanla məşğul olur. Düzgün idmanın əsas hissəsi qidalanmadan keçir. Qidalanmada isə ən mühüm faktor sudur. İnsanlar gündəlik olaraq çay və ya meyvə şirəsi içir və zənn edirlər ki, onlar bu gün orqanizm üçün su rasiyonunu doldurdular. Lakin meyvə şirəsi və çay su deyil. Hər bir kiloqrama 30 ml su düşür. Həftədə 2-3 saat idman etmək lazımdı. Lakin deyə bilərəm ki, gündəlik olaraq 30 dəqiqə fitneslə məşğul olunmalıdı. Əgər kiminsə imkanı yoxdursa, yəni fitnes zalına gedə bilmirsə gündəlik olaraq fiziki şəraiti aktiv etmək üçün 10-15 dəqiqə təmiz havada gəzməlidi. Ümumiyyətlə məsləhət görərdim ki, hər bir valdeyn öz övladını idmanla məşğul olmaq üçün sövq etməlidi”.