"Cənab Prezidentin Gəncə səfərinin çox mühüm önəmi var. Birincisi, Azərbaycan Prezidenti həm Azərbaycan xalqına, həm də digərlərinə mesaj verdi ki, bizim iqtisadi gücümüz var, təkcə Qarabağda işlər görmürük, eyni zamanda müharibədən əziyyət çəkmiş digər bir bölgə, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə də işlər görürük. Yəni, bu Azərbaycanın iqtisadi gücünə dəlalət edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, ikincisi, cənab Prezident buradan dünyaya belə bir mesaj verdi ki, yenə də siz ikili standartlarla hadisələri qiymətləndirirsiniz: "Dinc əhaliyə qarşı atılan balestik raketlərə görə, bu günə qədər Ermənistan rəhbərliyinə qarşı hər hansı bir fikir söylənilməyib. Halbuki başqa vaxtlar olsaydı insan hüquq müdafiəçiləri çoxdan dünyaya bəyan etmişdilər. Amma nə oldu? Yenə də ikili standart, yenə də xristian həmrəyliyi, yenə də haqsızlıq, ədalətsizlik. Cənab Prezident bunu bir daha göstərdi".
Cümşüd Nuriyev sözlərinə belə davam edib: "Üçüncüsü, bu səfərin mühüm önəmi ideoloji cəhətdən ondan ibarətdir ki, Gəncəyə atılan balestik raket nəticəsində dağıdılmış evlər, küçələr, sosial binalar, məktəblər yəni, bunların hamısını dövlət gələcək nəsil üçün eyni zamanda Gəncəyə gələcək xarici vətəndaşlar, turistlər üçün də həm bir gəzinti məkanı, eyni zamanda həm də ermənilərin nə qədər vəhşi bir etnokorporasiya olduğunu gündəmə gətirir. Dörd hektara yaxın bir ərazidə açıq və qapalı muzey şəklində həmin o dağıdılmış nə varsa hamısı qorunub saxlanacaq. Bu çox mühüm bir məsələdir".
Çox sevindirici haldır ki, İlham Əliyev tamam ayrı bir yolu seçdi. Bakıda eyni Qənimətlər Parkının açılışı, Ağdamda nəzərdə tutulan Xatirə Muzeyi Kompleksi, Füzulidə, Şuşanın özündə yəni, bütün bunların hamısı həm gələcək nəsilə bir yaddaşdır, eyni zamanda da Azərbaycanın informasiya müharibəsində bəyan elədiyi və yaxud da gələcəkdə bəyan edəcəyi ideoloji istiqamətlər üçün çox mühüm bir məsələdir.
Bundan başqa Gəncə bilirsiniz ki, həm də Azərbaycanın qərb bölgəsində mədəni mərkəzdir. İkinci şəhəri olmaqla bərabər həm də bir strateji əhəmiyyətə malik olan bir şəhərdir, dahilər şəhəridir. Eyni zamanda da Azərbaycanın bölgələrinin yaddan çıxmadığını bir daha həm insanlara çatdırır, həm digər bizi sevməyənlər üçün də bu bir mesajdır. Burada beşinci bir istiqamət də İlham Əliyevin Ali Baş Komandan kimi neofaşizmə, revanşistlərə qarşı Azərbaycanın mövqeyini açıqlamasıdır. Bir daha İlham Əliyev həmin böyüklüyü, həmin gücü əyani şəkildə sübut etdi və öz mesajlarını verdi. Ona görə də bu son 18 ildə İlham Əliyevin Gəncəyə 18-ci səfəri digər səfərlərdən həm təməlqoyma mərasimləri, həm yeni Gəncə Dövlət Dram Teatrının açılışı və digər məsələlərin gündəmə gəlməsi bütün bunların hamısı onu göstərir ki, Azərbaycan Prezidenti Azərbaycanın Qarabağ boyda yarası, Zəngəzur boyda yarası olmasına baxmayaraq digər məsələləri də kənarda saxlamır".
Ayşən Vəli