Gənclərimizin keyfiyyətli təhsil almaq problemi var - MÜSAHİBƏ

1 Fevral 2022 17:31 (UTC+04:00)

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının SİA-ya müsahibəsini təqdim edirik.

- Sizin üçün 2 fevral Gənclər gününün əhəmiyyəti nədən ibarətdir?

- Gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi böyük qiymət və hədiyyədir. Azərbaycanda bu gün də uğurla davam etdirilən gənclər siyasətinin əsasını Heydər Əliyev qoyub. O zaman Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərlə bağlı forumların keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və atılan digər uğurlu addımlar bugünkü Azərbaycan gənclər siyasətinin təməli və bünövrəsi idi. Böyük qürurla deyə bilərik ki, həmin proses bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsi və Azərbaycan gənclərinin xaricdə təhsil proqramlarına cəlb olunması, eyni zamanda Azərbaycanda gənclər təşkilatlarının və ayrı-ayrı fərdi gənclərin dəstəklənməsi üçün Gənclər Fondunun təsis edilməsi və gənc kadrların rəhbər vəzifələrə çəkilməsi Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu göstərir. Biz bu gün Azərbaycan gənclərini hakimiyyətin müxtəlif qollarında görürük. Bu günə qədər aparılan gənclər siyasəti və gənclərlə ideoloji iş öz nəticəsini verdi.

- ​44 günlük Vətən Müharibəsində gənclərin böyük rolu olub. Bu qəhramanlıq dastanı yazılarkən gənclərin gördükləri işləri daha hansı meyarlarla izah edə bilərik?

​- Azərbaycan gəncləri Vətən müharibəsi sınağından üzü ağ çıxdı. Əsgər kimi Azərbaycan gəncliyi ön cəbhədə düşmən təxribatlarının qarşısını aldı, həm də Azərbaycan torpaqlarının qaytarılmasında mühüm rol aldı. Eyni zamnda arxa cəbhədə də informasiya müharibəsinin aktiv iştirakçısı oldu. Bu gün müharibə bitsə də, düşmənin informasiya cəbhəsində təxribatları bitmir. Lakin bu məsələdə Azərbaycan gəncliyi sözün həqiqi mənasında böyük fədakarlıq və peşəkarlıq ortaya qoydu. Azərbaycan gəncliyi həm milli mənəvi dəyərlərə bağlı, həm də müasir dünyanın çağırışlarına cavab verən bir qüvvədir.

- Gənclərimiz beynəlxalq arenada ölkəmizi necə təmsil edir?

- Azərbaycan gəncləri beynəlxalq arenada öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir. İctimai vəzifələrini icra edən gənclərimiz Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, Qarabağ həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılmasında ciddi addımlar atıblar. Şübhəsiz ki, Azərbaycanın müstəqil siyasəti Azərbaycanı sevməyən ölkələri narahat edir. Azərbaycan gəncləri müxtəlif təxribatlara hazırlıqlı olmalıdır. Çünki hərbi güclə Azərbaycana qalib gəlməyən və beynəlxalq müstəvidə dəstəyini itirən Ermənistan yalnız qara piar və təxribat vasitəsilə Azərbaycanın haqlı qələbəsini zədələməyə çalışacaq. Belə şəraitdə həm fərdi gənclərin, həm də gənclər təşkilatlarının üzərinə böyük vəzifələr düşür. Biz yalnız ölkə daxilində keçirilən işlərlə kifayətlənməməliyik. Eyni zmanda beynəlxalq əməkdaşlıq işini genişləndirməliyik.

- Azərbaycan gəncləri özlərini hansı sahədə sınasalar uğur əldə edə bilərlər?

- Hər bir gənc dünyagörüşlü olmalı və özünə maraqlı olan sahəyə yönəlməlidir. Gənclər ixtisas seçimi edərkən və bir peşəyə yönələrkən kənar təsirlərə məruz qalmadan öz düşündükləri sahəyə yönəlməlidirlər. Sürətlə qloballaşan dünyada yeni dünyanın biliklərinə yiyələnmək lazımdır. Yetişən gənclik öz gələcəklərini müəyyən edərkən dünyada yaranan yeni ixtisasları və elm sahələrini nəzərə almalıdır.

- Gənclərimizin təhsilə göstərdiyi diqqət sizi qane edirmi?

- Bilirsiniz ki, gənclərimizin uğurları olduqca çox olsa da müəyyən problemlər də var. Bu gün Azərbaycanda gənclərimizin keyfiyyətli təhsil almaq problemi var. Azərbaycan gəncləri üçün əlverişli təhsil imkanları yaradılmalıdır. Universitetlərdə artıq ənənəvi təhsil yerinə müasir dünyadakı təhsil formalarından istifadə olunmalıdır. Gənclərə təhsilə marağı yaratmaq üçün universitetlər gənclərin sevdiyi məkana çevrilməlidir. Universitetlərdə gənclər üçün əlverişi və rəngli təhsil mühiti yaradılmalıdır.