"Azərbaycan dövlətinin 44 günlük müharibə dönəmində Türkiyə dövləti tərəfindən verilən dəstək bizim əldə etdiyimiz qələbəmizdə müstəsna rol oynadı. Xüsusilə, beynəlxalq ictimaiyyət tərəfindən, beynəlxalq güclər tərəfindən Azərbaycana qarşı atılacaq addımların və təzyiqlərin qarşısında məhz Türkiyə dövləti dayandı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün bərpa olunması, sülhün təminatçı rolunda çıxış etməsi, eyni zamanda, iki cəmiyyət arasında etimad mühitinin formasında Türkiyə dövlətinin və onun həyata keçirdiyi siyasətin mühüm rolu var: "Tarixdə ilk dəfə Osmanlılar Rusiya imperiyası ilə müttəfiq olaraq sülh yaratmaq missiyasını həyata keçirərək Cənubi Qafqaza daxil oldular. Bu, unikal bir platforma idi. Bu yanaşmanı Türkiyə dövləti bu gün də davam etdirir. Türkiyə Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində demək olar ki, birtərəf mövqedən iştirak edərək Azərbaycanın yanında idi. Azərbaycanın bütün mübarizəsinə dəstək verirdi və bundan sonra da Azərbaycanın yanında olub ona dəstək verəcəkdir. Türkiyə bu münasibətlərin tənzimlənməsinə heç vaxt qeyri-obyektiv yanaşmayıbdır. Onun yanaşması, məhz beynəlxalq hüquq prinsipləri əsasında olubdur və bu beynəlxalq hüququn prinsipləri həm Ermənistanın maraqlarına xidmət edir, həm Azərbaycan dövlətinin maraqlarına xidmət edir, həm də ümumiyyətlə, bölgəmizin maraqlarına xidmət edir.
Düşünürəm ki, Antalyada diplomatik forumlar çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli münasibətlərin formalaşması, yeni bir formatın yaranması istiqamətində mühüm addım atılacaqdır. Mənim gözləntilərim böyükdür. Ermənistan tərəfi ora daha stabil və mövcud hakimiyyətə problem yaradacaq qüvvələrdən xilas olaraq gedəcəkdir. Paşinyanın həyata keçirmək istədiyi siyasətə ən böyük maneəçilik törədən qüvvələr orduda idi. Ordu demək olar ki, təmizlənir. Ermənistanda Paşinyan və onun komandasının Azərbaycanla və Türkiyə ilə münasibətlərin tənzimlənməsi istiqamətində atdığı addımlara maneə törədəcək qüvvələrdən biri xarici işlər nazirliyi idi. Orada çox ciddi dəyişikliklər həyata keçirilir, naziri dəyişdirildi. Nazir mənfur faşist kimi Azərbaycanla münasibətləri gərginləşdirmək üçün bütün variantlardan istifadə edirdi. Digər bir qüvvə isə prezident idi. Paşinyanın atacağı bütün addımlara ən böyük maneəçilik törədə biləcək insanlardan idi. Hesab edirəm ki, Ermənistan bu görüşə rəqiblərindən xilas olaraq bu proseslərə daha real addım ata biləcək imkanla gedir və mən o danışıqlardan ən azı yeni bir platformanın, ikitərəfli formatın yaranması istiqamətində mühüm addımların atılacağı bir görüş kimi baxıram”.