"Bir məqsədə doğru addımlamaq üçün uşaqları belə oyunlar maarifləndirir" -PSİXOLOQ MÖVQE BİLDİRDİ

1 Fevral 2022 12:25 (UTC+04:00)

"Komanda idman oyunları əsasən çoxuşaqlı ailələrdə yetişən uşaqlar üçün müsbət təsir göstərir. Evin tək və ya azuşaqlı ailələrində yetişən uşaqların psixologiyasına isə bu tip oyunlar daha mənfi təsir göstərir".

Bunu SİA-ya açıqlamasında psixoloq Elnarə Ceray deyib.

Psixoloq bu barədə fikirlərini belə izah edib: "Çoxuşaqlı ailələrdə yetişən uşaqlar hər zaman paylaşmağı, özünü və emosiyalarını idarəetməyi bacarır. Onlar ailədə bunu yaşayır, bacı-qardaşlar bir-biri ilə müəyyən əşyaları paylaşır. Onlar həmçinin bir-birilə hisslərini, emosiyalarını paylaşırlar. Belə uşaqlar təkuşaqlı ailələrdəkilərlə müqayisədə daha çox uğur əldə edirlər. Təkuşaqlı ailədə yetişənlər paylaşmağı bilmirlər, istər-istəməz qısqanclıqları olur. Belə tip uşaqlar yarışda uduzanda qəbul etmək istəmirlər, emossiyalarını ortaya qoyurlar, yaxud ağlayırlar, şikayət edirlər. Belə olmamalıydı deyə, vəziyyəti psixoloji olaraq qəbul etmirlər. Çoxuşaqlı ailədə yetişən uşaqlar isə udmağı da, uduzmağı da qəbul edə bilirlər. Ancaq bu komanda oyunlarının müsbət cəhəti ondan ibarətdir ki, istər-istəməz uşaqlarda birlik yaradır. Bir məqsədə doğru addımlamaq üçün uşaqları belə oyunlar maarifləndirir. Eyni zamanda onlarda qələbə qazanmağa stimul yaradır. Məsələn, komanda olaraq bu oyunu biz qazanmalıyıq, ölkəmizi təmsil etməliyik kimi uşaqlarda fikir yaradır".