"Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir" - ŞƏRH EDİLDİ

1 Fevral 2022 11:11 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncə şəhərinə 18-ci səfəri, bir çox açılışların keçirilməsi Dövlətimiz üçün çox mühümdür. Ölkə Rəhbərimiz tərəfindən Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışı, İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olması, regional “ASAN xidmət” Mərkəzinin açılışı, “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilməsi, Gəncə Memorial Kompleksinin təməlinin qoyulması, Azərbaycanda hər sahəyə göstərilən diqqətin bariz nümunəsidir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, ümumiyyətlə qeyd etməliyik ki, regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrası nəticəsində Gəncə şəhəri də həmişə xüsusi yerə malik olubdur və hər zaman olacaq: "Dövlətimiz tərəfindən keçirilən əhəmiyyətli tədbirlər, açılışlar onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Biz bilirik ki, bu gün Dövlətimizin əsas diqqət mərkəzi azad edilmiş torpaqlardır. Lakin buna baxmayaraq eyni zamanda, bütün başqa şəhər və rayonlarımız da daim diqqət və qayğı ilə əhatə olunur və olunacaq".

Ayşən Vəli