Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsinin əsas məqamlarını yayıb.
SİA xəbər verir ki, saytın yapon və ingilis dilində yaydığı müsahibədə İkinci Qarabağ müharibəsi dövründə Gəncənin cinayətkar Ermənistan ordusu tərəfindən dəfələrlə raket atəşinə tutulması, ümumilikdə əhalinin sıx şəkildə yaşadığı bu şəhərə 13 raket atıldığı, onlardan 8-nin partlayaraq insanların həyatına son qoyduğu və böyük maddi ziyan vurduğu qeyd edilib. Mülki əhaliyə qarşı bu raket hücumu nəticəsində Gəncə şəhərində 26 mülki vətəndaşın erməni faşizminin qurbanı olduğunu xatırladan Azərbaycan dövlətinin başçısı bildirib: “Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır”.
Müsahibədə Prezident İlham Əliyevə istinadla qeyd olunub ki, ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs erməni ordusunun gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutduğunu görüb.
Yayılan materiallarda Azərbaycan Prezidentinin Ermənistanla bağlı fikirləri, eləcə də bu ölkənin hərbi cinayətlərini ifşa etməsi, dünya ictimaiyyətinin də bu cinayətlərə qiymət verməsi ilə bağlı çağırışı barədə oxuculara ətraflı məlumat verilib.