Yeni nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib - MÜNASİBƏT BİLDİRİLDİ

31 Yanvar 2022 18:54 (UTC+04:00)

“Cənab Prezident tərəfindən ölkəmizdə uzun müddətdir ki, geniş islahatlar paketi hazırlanıb, həyata keçirilir və bu islahatlar ölkədəki bütün sahələrini əhatə edir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası bu islahatlardan kənarda deyil, əksinə islahatların fövqündə durur və partiyanın VII qurultayında partiya sədri cənab İlham Əliyev tərəfindən partiyanın gələcək yol xəritəsi çəkilib, siyasi fəaliyyətindəki, ölkə həyatındakı aktivliklə bağlı məsələlər müzakirə edilib: “Onu da qeyd edim ki, bu aktivlik Yeni Azərbaycan Partiyasında özünü daha böyük formada göstərməlidir. Partiya sıralarına siyasi həmfikirlərin cəlb olunması, ölkəmizin müxtəlif inkişaf sahələrində partiyanın izi görünməlidir. Yəni bütün bu məsələlər partiyanın qurultayında cənab sədrin çıxışında öz əksini tapdı. Əlbəttə ki, partiyanın keçdiyi yol, veteranlar şurasının təsis edilməsi, Ümummilli liderimizin partiyanın yaradılmasında olan xidmətləri, fəaliyyəti, onunla birgə siyasi həmfikirlər, silahdaşlarının yad olunması, həmin insanlara diqqətin göstərilməsi bu qəbildəndir. Həm də burada yeni üzvlərin cəlb olunması, gənclərin partiya həyatına aktiv qoşulması, onların fəaliyyəti ilə bağlı məsələlərə toxunuldu.

Bu günlərdə Yeni Azərbaycan Partiyasının İdarə heyətinin videokonfrans formatında keçirilən iclasında partiyanın şəhər və rayon sədrlərinin təyin edilməsi məsələsi öz əksini tapdı. Yeni Nizamnaməyə əsasən partiya sədrləri digər istiqamətlər üzrə fəaliyyət göstərə bilməzlər. Yalnız siyasi partiya fəaliyyəti ilə məşğul olmalıdırlar. Bu da ümumi fəaliyyətin daha da sürətli inkişafına təsir edəcək.

Digər məsələ isə odur ki, Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib. Yeni şöbələr yaradılması, şöbələrə yeni simaların rəhbərlik etməsi ilə bağlı məsələlərə diqqətə yetirilib. Qeyd edim ki, həmin şəxslər uzun müddət YAP-ın üzvü olaraq aktiv fəaliyyət göstərmiş şəxslərdir. Bu gün də artıq partiyanın həm Mərkəzi Aparatında, həm də yeni strukturlarında fəaliyyət göstərəcəklər. Onların fəaliyyəti partiyanın daha dinamik şəkildə irəliləməsinə səbəb olacaqdır. Ümumiyyətlə partiyanın VII qurultayından sonra yeni islahatlar həyata keçirilir, yeni şöbələr yaradılır, böyük və effektiv təsir verməyən şöbələr və strukturlar ləğv edilib. Həm Bakı şəhəri, həm də regionlar üzrə yeni partiya sədrləri təyin olundular. Onların çox hissəsini gənclər təşkil edir. Həm yeni simaların, həm də gənclərin təyin edilməsi partiya işinin daha çevik, daha dinamik, daha kreativ fəaliyyətinə gətirib çıxaracaqdır.

Partiyamızın sədri cənab İlham Əliyev ölkəmizin bütün sahələrində, ictimai-siyasi sahələrində partiyanın fəaliyyətini dəyərləndirdi və Ümummilli liderimiz tərəfindən yaradılan, bizə əmanət olan Yeni Azərbaycan Partiyası sözün əsl mənasında “Dünənin, bu günün və sabahın partiyası” imicini qoruyub saxlamalı və ölkənin bütün sahələrindəki inkişafında iqtidar partiyası olaraq özünün töhfələrini verməlidir”.