1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər günü kimi qəbul olunub. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-si Gənclər günü elan edilmişdir. Bəs, Azərbaycan gəncləri bu gün barədə nə düşünür. Bununla bağlı SİA olaraq gənclər arasında sorğu keçirdik.
Paytaxt sakini Samir Məcidov: “Əlbəttə, gənclik, gənc olmaq gözəldir. Çünki nə qazanmaq olursa, indi qazanmaq olur. Həyatdan nə zövq almaq olursa indi olur. Hesab edirəm ki, Gənclər günün olmağı gənclərə verilən dəyərin bariz nümunəsidir. Əslində gənc olmaq da üzərimizə məsuliyyət qoyur. Çünki ölkənin gələcəyi bizik. Biz gərək, ölkəmizin işıqlı gələcəyi üçün əlimizdən gələni edək”.
Paytaxt sakini Nişanə Həsənzadə: “Gənclər gününün
keçirilməsi gənclərə verilən dəyərdən irəli gəlir. Ölkəmiz gənclərin uğur qazana bilmələri üçün çox yaxşı şərait yaradır. İstedadlı gənclərin ortaya çıxarılmasında müəyyən addımlar atılır. Çünki dövlət bilirki gələcəyi savadlı gənclərlə qurmaq daha effektiv olar”.
Paytaxt sakini Elmin Alışov: "Böyüklərimizin bir sözü var, biz də sizin kimi gənc olmuşuq, nə etdiniz gənclik dövründə edəcəksiniz. Yəni böyüklərimizin də dedikləri kimi, gənclik çağı insanın ən gözəl çağlarından biridir. Biz gənclər bu millətin gələcəyiyik. Çalışmalıyıq ki, Azərbaycan gəncləri olaraq nəinki ölkəmizdə, dünyada ölkəmizi təmsil edək, bir sıra uğurlara imza ataq. Günümüzdə təəssüflər olsun ki, bəzi gənclər zorakılıq, narkotizm kimi şeyləri təbliğ edirlər. Bu isə yeni nəsil gəncliyin məhvinə gətirib çıxarır. Mən bir Azərbaycan gənci olaraq ümid edirəm ki, bu kimi halların qarşısı alınacaq və ən əsası da biz gənclər vətən üçün, millət üçün faydalı işlər ortaya qoyacağıq”.
Paytaxt sakini Sevinc Beybutova: “Gənclər gününün
ölkəmizdə keçirilməsi gənclərə verilən dəyərin bariz nümunəsidir. Bizim gənclik bu gün vətənpərvərlik və müxtəlif sahələrdə nümunəvidir. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu çox daha aydın göstərdi. Tək vətənpərvərlik yox, elmi və yaradıcılıq baxımından ölkəmizdə gənclər inkişaf edir. Bunun üçün lazımi şərait mövcuddur”.
Paytaxt sakini Əkbər Quliyev: "Gənclər günü dövlətin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Biz gənclik olaraq bu gün hər bir imkan və şəraitə malikik. Bizim indi keçirdiyimiz dövr bizim qızıl vaxtlarımızdır. Çünki gənclik insanın ən gümrah və yaşanası dövrüdür".
Paytaxt sakini Seyid Əlizadə: "Təbii ki, gənclik insan ömrünün ən dəyərli vaxtlarındandır. Buna görə də bu vaxtın, dövrün qiymətini yaxşı bilmək lazımdır. İndi nədirsə, odur. Sonra indiki kimi fürsətlər və şans ələ düşməyəcək. Gənclik gününün keçirilməsi isə onu göstərir ki, ölkəmiz gəncliyə xüsusi önəm verir".
Paytaxt sakini Əlipaşa Əliyev: "Bu gün bizə ümummilli liderin bir hədiyəsidir. Bu gün onun tərəfindən qəbul olunub. Biz gərək bizə ərmağan edilən bu günün mənasını dərk edək. İstənilən sahədə ölkəmizin flaqman olmasına çalışaq".