Gələcəkdə koronavirus adi xəstəliklərin sırasına düşəcək - KOMİTƏ ÜZVÜ AÇIQLADI

31 Yanvar 2022 17:17 (UTC+04:00)

"Koronavirusun adi xəstəliyə çevrilməsi barədə fikirlər təkcə italyan mütəxəssisləri tərəfindən deyil, eləcə də dünyanın digər bu sahədə çalışan mütəxəssisləri tərəfindən də qeyd edilir". Bu sözləri SİA-ya açıqlamasıda Milli Məclisin səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, bildiyimiz kimi, dünyada peyvənd olunan insanlarda bu xəstəliyə qarşı immunitet yaranır: "Ona görə də koronavirusun gələcəkdə adi xəstəliyə çevrilməsi mümkündür. Yəni, digər respirator xəstəliklərdə olduğu kimi, bu xəstəlikdən də insanlar ildə bir dəfə peyvənd olunmaqla qoruna bilərlər. Məlumdur ki, Səhiyyə Nazirliyi hər kəsə çağırış edir. Yəni, respirator xəstəliklərdən olan qrip virusuna qarşı da peyvənd olunmasını məsləhət görür. Koronavirusa qarş peyvəndin istehsal olunması çox yaxşı haldır. Güman edirəm ki, bundan sonra peyvənd olunmuş insanlarımız bu xəstəliyə yoluxanda bunu adi bir xəstəlik kimi keçirəcək. Bu peyvənd öz müsbət təsirini göstərəcək. Gələcəkdə koronavirus adi respirator xəstəliklərin sırasına düşəcək".

Arzu Qurbanzadə