Məmləkətimizdə hərdən adamın gözü önündən elə bir əcaib görünüşlü adam balası keçir ki, ürkmədən, “bismillah” demədən ötüşmək olmur, halbuki mən “vəhşiyi-gürran görürəm qorxmuram”. Məxluqata baxanda özün-özünə sual edirsən ki, aya, bu nə haldır, bu qafil özünü hardan gəlmiş zənn edir əcəba? Baxırsan ki, şalvarı cırıq, üzü də tük içində itən bu “abrazonnu” adamın saçları da çiyinlərinə qədər uzanır. Dərvişdir, yoxsa nədir bu, deyə qərq olursan fikri-xəyala bu dari-cəhanda.
Məxluqata “canın bəcəhənnəm” demək də olmur, hansı cinsə mənsub olmasını təyin etmək də müşkülə çevrilir. Çün üzü-gözü tük içində itib-batan, amma dizləri çöldə qalan bu Allah bəndəsinin qulaqlarında sırğa görəndə lap çaş-baş qalırsan və düşüncə içində qərq olursan. Müsəlman olaraq zənn etdiyin bu adəm övladının üzünün tükünə baxırsan, bir də dizlərinin çöldə olmasına və düşünürsən ki, bu hansı məmləkətin adamıdır? Ey vah, “deyəsən, bəşər deyil bu”, deyib tez yanından ötüşməyə çalışırsan. Amma əşhədü-billah adamı dərhal fikir götürür ki, bax, “biz buna qail olan insanlarıq, ay bərəkallah, nə gözəl canlarıq”.
Bunların özlərini nə zənn etdikləri barədə mat-məətəl düşünürsən. Ağlımı əcaib-qəraib fikirlər də məşğul edir, amma sümvallah “tarixi nadiri” bilən də çaş-baş qalar və elmi-gümanına belə gəlməz ki, bu, nə zaddı. Bəlkə də bunlardan hali-məqamı soruşularsa, deyərlər ki, “intelligentik gəzərik naz ilə, ömür edərik nəşeyi dəmsaz ilə”. Qəflətən belə əhli-halın, “əndrabadi” adamların gəldiyini görəndə, “Xandostu, amandı, qoyma gəldi, didarı yamandı, qoyma gəldi”, deyib mürəxxəs olmağı gəlir bəndeyi fəqirinizin. Axı əsla, “bir şəklə uyan təhər deyil bu” və uzaqlaşırsan ki, aya, “ərdodu, qabandı, qoyma gəldi”.
“Ay keçən əyyam, olasan indilər!..”, deyə ah çəkməyin zərə-ziyanı olmasa da faydasını da görmədik, amma naləvü-əfğan etməmək mümkün deyil. Fəqət onu da ərz edim ki, bir qədər əvvəl, “ölkədə bunca yox idi eybcu” və dizləri çöldə olan, qulaqları sırqalı “igidlər” hardan peyda olduqları da müəmma olaraq qalmaqdadır. Axı, “biz qoca Qafqazlı igid ərlərik” və bizə yaddır bu ədalar. Deyirəm, vallah, “qurd isə, şəğal isə biyabanda olurdu, şəhr içrə bu heyvanlarına şükr, xudaya!”.
Övladi-vətən “bizə nə?”, deyib yan keçə bilər, amma mənim də məramım odur ki, “pisi pis, əyrini əyri, düzü həmvar yazım”. Bax, elə bu səbəbdəndir ki, “qoyuram qənşərimə kağızımı, çernilimi” və niyyət edirəm, “gördüyüm niku bədi eyləyim izhar, yazım”. Bir də axı, “ey əcəb, mən ki, sədaqət yolunu azmayıram”. And olsun ki, “həq sözü derkən utana bilmirəm!..”.
Məni məzur tutun əfəndilər, uzanmış saçlarını başlarının arxasında bağlayan, qaşlarına, gözlərinə “tumar” çəkən müsəlman sayılan “qardaşları” görəndə isə düşünürəm ki, “bu nə şiveyi-ikrah!, bu nə zümreyi-bədxah!”. Sədəf dəhanından da bir sual səslənir ki, görəsən bu övladi-vətən niyə özlərini Qoca Qitənin, Avropanın adlı-sanlı universitetlərində təhsil alanlara deyil, kafe-şantanlarındakılara bənzətməyi məqbul hesab edirlər? Hərçənd ki, “təhsili ülum ilə olur rütbeyi-irfan”. Ümumiyyətlə, müsəlman balaları özlərini niyə kürreyi-ərzdə kimə isə bənzətməlidirlər axı, bir halda ki, göründükləri kimi ola, yaxud da olduqları kimi görünə bilərlərsə? Maraqlıdır, bəs, “bu urus başdılar, bilməyirəm hardan aşıb-daşdılar, ölkədə gündən-günə çoxlaşdılar.” Hara getmiş olursan bərələrində ərz etdiklərimi görürsən, çün görməməzlikdən gəlmək də olmur. Bu səbəbdəndir, üzümü tuturam əhli-hal olan kəslərə, məmləkətin aqili-danalarına ki, “qoymayın, ay köhnələr, ay yaşdılar!, heyvərələr hər yerə dırmaşdılar!, yoxdu təəssübləri, çaşbaşdılar!”
Birdən, işdir-şayətdir haqqında bəyan etdiyim o “intilligent” desə ki, “kim sizi qəyyum edib, hökm edəsiz bizlərə”, o zaman mənim də, “niyə bəs böylə bərəldirsən, o qarə, gözünü, yoxsa bu ayinədə əyri görürsən özünü?!”, deyə bir sualım olar əfəndim. Həm də axı bəyan edə bilərəm ki, “özün insaf elə, əfkarına, ətvarına bax!, istəmirsən yazam, öz eybli kirdarına bax!”...