Türkiyə sərt və qətiyyətli siyasətinin bəhrələrini görür KÖŞƏ YAZISI

31 Yanvar 2022 12:01 (UTC+04:00)

Hazırda dünya ictimaiyyətinin Ukrayna böhranının yaxın zamanlarda müharibə ilə nəticələnə bilinib-bilinməyəcəyi ətrafında müxtəlif mülahizələr irəli sürdüyü bir vaxtda Türkiyənin Ermənistan və İsraillə münasibətlərini normallaşdırması istiqamətində siyasətinin artırıldığını müşahidə etməkdəyik. Artıq Ermənistanın XİN rəhbərinin Antaliyada keçiriləcək diplomatik forumdakı iştirakı gözlənilir. Bundan əvvəl isə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, İsrailin prezidenti Qersoqun fevrada gözlənilən səfəri iki ölkə arasında yeni eranın başlanğıcı kimi tarixə düşə bilər.

BƏƏ, İsrail, Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmağa can atırlar?

Bu gün Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması prosesində Ankaranı öz xarici ideoloji siyasətindən imtinası kimi ittiham edənlər, əslində, belə bir yanaşmalarında müəyyən səhvlərə yol verirlər. Xüsusilə, İsrailin Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərini bərpa etməsi fonunda belə bir iddia yersiz görünür.

Lakin bu fonda belə bir sual yaranır: nəyə görə BƏƏ, İsrail, Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmağa can atırlar?

İlk növbədə qeyd etmək olar ki, öz siyasətlərində dəyişikliklər edən aktorlar həm də qlobal regional qayda-qanunların dəyişildiyinin fərqinə varırlar.

Daha böyük risklər altına girərək zəifləməkdənsə, qarşılıqlı əməkdaşlıq funksiyası mexanizmini işə salıb, doğru qərarlar vermək, əslində, daha münasibdir

Bu xüsusda koronavirusun beynəlxalq aləmin siyasi sisiteminə etdiyi təsirlərini də vurğulamaq mümkündür. Artıq elə bir hal yaranıb ki, koronavirus amili bütövlükdə böyük güclərin siyasətlərinə öz təsirlərini göstərir, müxtəlif siyasi kontekstlərdə cərəyan edən hadisələr də çoxsaylı faktları ortaya çıxarır - ağıllı siyasətçilər isə çətin anda yalnız barış və sülh siyasəti ilə xilas olunacağını hər halda yaxşı anlayırlar. Daha böyük risklər altına girərək zəifləməkdənsə, qarşılıqlı əməkdaşlıq funksiyası mexanizmini işə salıb, doğru qərarlar vermək, əslində daha münasibdir.

Başqa tərəfdən, Türkiyə zamanında tətbiq etdiyi sərt və qətiyətli gücü nəticəsində əldə etdiyi uğurlarından faydalanmaq istəyindədir. Bəs Türkyiə bütün bunlara necə nail oldu?

Fars körfəzi ölkələrindəki anti-Türkiyə fəaliyyətlərinə qarşı qətiyyətli müqavimət göstərdi və yerlərdə öz gücünü ortaya qoydu.

Türkiyə strateji əhəmiyyətli Şuşa Bəyannaməsini imzalamaqla öz uğurlarını həm də regional gücə çevrilmiş Azərbaycanla bölüşdü

Şərqi Aralıq dənizindəki balansı dəyişdi və Liviya böhranına daxil olması ilə dəniz sərhədlərinin müəyyən edilməsini əks etdirən razılaşmanı imzaladı.

Və nəhayət, qonşusu və qardaş ölkə bəyan etdiyi Azərbaycana mənəvi dəstəyini göstərdi, bu gün Türkiyədə əsas ifadəyə çevrilmiş "Tek Vatan Harekâtı" siyasətini tətbiq etdi.

Beləliklə, Türkiyə həm də Cənubi Qafqaz regionunda öz mövqelərini möhkəmləndirdi. Təkcə strateji əhəmiyyətli Şuşa Bəyannaməsini imzalamaqla öz uğurlarını həm də regional gücə çevrilmiş Azərbaycanla bölüşdü. Bu isə bir reallığı əks etdirir – Ankara zamanında tətbiq etdiyi qətiyyətli və sərt siyasətinin bəhrələrini görməyə başlayıb.