İdmana neçə yaşdan sonra başlamaq lazımdır?- DİQQƏT! - HƏKİM AÇIQLADI

31 Yanvar 2022 11:52 (UTC+04:00)

Müasir dövrdə ən böyük problemlərdən biri hərəkətsiz həyat tərzidir. Texnologiya inkişaf etdikcə, televizor və kompüterlə saatlarla vaxt keçirmək, xüsusən də, uşaqların həm səhhətinə, həm də gələcək həyatına ciddi ziyan vurur. Hər şeydən əvvəl uzun müddət hərəkətsiz qalmaq onurğa sütununun düzgün inkişafını pozur, çəki artımına yol açır, görmə qabiliyyətini zəiflədir, oynaqlarda duzun yığılması kimi problemlər yaradır. Bu səbəbdən uşaqların hələ balaca yaşlarından passiv həyatdan aktiv fəaliyyətə doğru yönləndirmək çox vacibdir. Təbii ki, istənilən valideyn övladının sağlam və gümrah olmasını arzulayır. Ancaq bunun üçün mütləq lazımi addımlar atılmalıdır. Sağlamlığın təməli, ilk növbədə idmanla məşğul olmaqdır. Çünki idman uşaqların fiziki və mənəvi inkişafına kömək edən həyat tərzidir. İdmanla məşğul olan yeniyetmələr təkcə güclü və çevik olmur, bu, onlarda özlərinə inamı və cəsarəti də artırır. Eyni zamanda, psixoloji inkişaf da güclənir. Uşaq belədə mübarizə aparmağı öyrənir, onda qalib ruhu formalaşır. Bu keyfiyyətlər gələcək həyatda çox lazım olur. İdman seçimində isə diqqətli olmalı məqamlar var.

Məsələ ilə bağlı həkim-pediatr SİA-ya açıqlamasında bunları deyib: "Elə idman növləri var ki, 2-3 yaşından uşaqları yönləndirmək olar. Ancaq idmana yönləndirərkən uşağın fizioloji yaşı da önəmlidir. Qeyd etmək lazımdır ki, bəzən iki eyni yaşda uşağın fiziki durumları fərqli olur. Təbii ki, idman növünə də diqqət etmək lazımdır. Hər idman növünə başlama yaşı fərqli olur. Buna görə də idman növü və fiziki yaşın əlaqəsi önəmlidir. Boks kimi ağır idman növlərinə 10 yaşından başlamaq məsləhət görülür".